Bakı-APA. ABŞ-ın Nyutaun şəhərinin ibtidai məktəbində 26 nəfəri öldürən qatilin silahı qanuni şəkildə əldə edilib və onun anasının adına qeydiyyatda olub. APA-nın məlumatına görə, bu barədə “CNN” telekanalına istintaqa yaxın mənbələr xəbər verib.
Telekanalın məlumatına görə, polis hadisə yerində 3 ədəd silah müəyyən edib – Sig Sauer və Glock markalı tapançalar qatilin cənazəsi üzərində, Bushmaster markalı yarıavtomatik tüfəng isə onun məktəb meydançasında saxladığı avtomobilində aşkar edilib. Qeyd olunan silahların hamısı qatil Adam Lenzanın anası Nensi Lenzanın adına qeydiyyatda olub.
Bir qədər əvvəl yayılan məlumata görə, məktəbdə müəllimə işləyən Nensi Lenza təhsil müəssisəsində şagirdləri ilə birlikdə öldürülüb. Lakin CNN telekanalının məlumatına görə, Nensi Lenzanın çoxsaylı güllə yaraları olan cəsədi Nyutaunda, oğlunun mənzilində aşkar edilib.
Bir qədər əvvəl KİV-lər xəbər verirdi ki, Adam Lenza böyük qardaşı Rayanı, başqa versiyaya görə isə atasını da qətlə yetirib. Lakin bu xəbərlər sonradan təsdiqlənməyib.
Nyutaun şəhərinin ibtidai məktəbində baş verən atışmada 5-10 yaşlarında olan 20 uşaq və 6 nəfər yaşlı insan həlak olub. Qatil baş nahiyəsinə atəş açaraq özünü öldürüb. Onun törətdiyi əməlin səbəbləri hələlik məlum deyil.