Bakı-APA. ABŞ-da güclü qrip epidemiyası qeydə alınıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, epidemiya ölkənin 41 ştatında qedə alınaraq, artıq bütün ölkə ərazisini əhatə edib, son məlumata görə 18 uşaq virusun qurbanı olub.
Boston şəhərinin (Massaçusets ştatı) meri Tomas Menino “ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət” elan edib.
Həkimlər təkidlə əhalini qripə qarşı peyvənd olunmağa çağırır, onların sözlərinə görə, bu, əsasən, xüsusi risk qrupundan olan yaşlı insanlara və uşaqlara aiddir. Bir neçə şəhərdə hakimiyyət orqanları əhaliyə hətta pulsuz peyvənd paylayır.
Ekspertlərin proqnozlarına görə isə, bu il ABŞ-da çox kəskin qrip epidemiyası gözlənilir. Məlumata görə, xəstəxanalarda insanlar həkim qəbuluna düşmək üçün saatlarla növbə gözləməli olur.
Qeyd edək ki, hər il payız-qış mövsümündə ABŞ-da əhalinin 5-20 faizi qripə yoluxur, xəstəxanalara 200 minədək insan düşür, 3 mindən 49 minədək insan isə virusun qurbanı olur.