Bakı-APA. ABŞ-ın 7 ştatı ölkənin tərkibindən çıxmaqdan ötrü verilən müraciət üçün tələb olunan imzanı toplayıblar.
Bu ştatların müraciətini 25 min nəfərdən çox insan imzalayıb. ABŞ-ı tərk etmək istəyən ştatlardan 6-sı ənənəvi olaraq Respublikaçılara səs verən Texas, Luiziana, Şimali Karolina, Alabama, Corciya, Tennesi ştatlarıdır. Ənənəvi olaraq demokratların ştatı sayılan Florida da bu siyahıda yer alıb.
Texas ştatının müraciətini 100 mindən çox insan imzalayıb. Müraciət edən ştatların arasında yalnız Texasın müstəqil dövlət təcrübəsi var. Texas 1836-1846-cı illərdə müstəqil olub. Texaslılar ştatın dünyanın 15-ci iqtisadiyyatı olduğunu əsas gətirərək müstəqil yaşaya biləcəklərini iddia edirlər.
ABŞ tarixində analoji hadisə 1860-61-ci illərdə baş verib. O zaman Avraam Linkolnun prezident seçilməsindən sonra 11 ştat ayrıldığı elan edərək müstəqil Konfederasiya yaradıblar. Bunun ardınca başlayan Vətəndaş müharibəsinin nəticəsində ABŞ-ın bütövlüyü bərpa olunub.