Bakı-APA. ABŞ beş il əvvəl Xartumda amerikalı diplomatını sürücüsü ilə birlikdə güllələyərək qətlə yetirən iki Sudan vətəndaşı barədə məlumat təqdim edənə 10 milyon dollar mükafat təyin edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, iki sudanlı – Əbdülbasit və Makavi beynəlxalq terrorçular siyahısına daxil ediliblər və onlara qarşı iqtisadı sanksiyalar tətbiq olunub.
ABŞ hökumətinin məlumatına əsasən, 2008-ci ilin yanvarın 1-də sudanlılar 33 yaşlı ABŞ Beynəlxalq inkişaf agentliyinin əməkdaşı Con Qrenvillə və onun yerli sakinlərdən olan sürücüsünə hücumda iştirak ediblər. Əbdülbasit və Makavi həbs olunub ölüm cəzasına məhkum ediliblər. Lakin 2010-cu ildə onlar polis zabitini öldürərək həbsxanadan qaça biliblər. ABŞ hesab edir ki, onlar “Əl-Qaidə” ilə əlaqəli olan Sudan terror qruplaşmasının üzvüdür.