Bakı. Könül Cəfərli - APA. “ABŞ yenə də İranın nüvə proqramı ilə bağlı Tehranla birbaşa danışıqlar aparmağa hazırdır”. APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland dünən İranın ali dini lideri ayətullah Əli Xamneyinin ABŞ-la birbaşa danışıqlardan imtina etməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Ağ Evin birbaşa müzakirələr təklifi hələ də qüvvədədir: “İran istəsə, “altılıq” ölkələri ilə ümumi toplantı zalında müzakirələrə qatıla və ya bizimlə ikitərəfli görüş keçirə bilər. Biz hər iki varianta hazırıq. Təki nüvə müzakirələrində bir irəliləyiş əldə olunsun. Ümid edirik ki, İran Qazaxıstanda keçiriləcək müzakirələrə tam hazır şəkildə qatılacaq”.
V.Nuland əlavə edib ki, Tehran dünya ictimaiyyətinin İranın nüvə proqramı ilə bağlı naharatçılığına son qoyanadək bu ölkəyə təzyiqlər davam edəcək: “Biz hər zaman demişik ki, İrana qarşı sanksiyalar onun öz fəaliyyətindən asılıdır. Ona görə də Tehran sanksiyalardan azad olmaq istəyirsə, gərək lazımi addımlar atsın”.