Bakı. Könül Cəfərli – APA. “İranı öz qanunlarına əməl etməyə və həbs edilən jurnalistləri azadlığa buraxmağa çağırırıq”. APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib.
O bildirib ki, ABŞ xarici KİV-lə əməkdaşlıqda və casusluq kimi yalan ittihamlarda təqsirləndirilən çoxlu sayda jurnalistin həbsindən narahatdır: “Bu cür addımlar azadlığı boğmağa yönəlib. Jurnalist həbsləri İranda qarşıdan gələn prezident seçkiləri öncəsi informasiya axınının qarşısını almaq və siyasi debatları məhdudlaşdırmaq məqsədi daşıyır. İran həbs edilən bütün jurnalistləri sərbəst buraxmalıdır”.
Qeyd edək ki, İranda yanvarın 26-dan indiyədək “Arman”, “Etimad”, “Bahar”, “Şərq” və “Asiman” qəzetlərinin və “İLNA” xəbər agentliyinin 17-dən çox jurnalisti xarici KİV-lə əməkdaşlıqda və casusluq etməkdə təqsirləndirilərək həbs olunub. Onların çalışdığı redaksiyalarda axtarış aparılaraq kompüterləri, əlyazmaları və başqa şəxsi əşyaları müsadirə olunub. Həbs edilənlərdən bir neçəsi sərbəst buraxılıb.