Bakı. Könül Cəfərli - APA. ABŞ Xarici İşlər Nazirliyi İranın ev dustağı olan müxalifət liderlərinin azadlığa buraxılmasını tələb edən bəyanat yayıb.
APA-nın “RadioFarda”ya istinadən məlumatına görə, bu barədə Dövlət Departamentinin sözçüsü xanım Viktoriya Nuland açıqlama verib.
O bildirib ki, ABŞ İrandan heç bir təqsiri olmayan Mehdi Kərrubinin, Mirhüseyn Musəvi və onun xanımı Zəhra Rəhnəvərdin tezliklə azadlığa buraxılmasını və ailə üzvlərinə qarşı təzyiqlərə son qoyulmasını istəyir: “İranda prezident seçkiləri yaxınlaşdıqca, bəzi siyasi qruplara və onların rəhbərlərinə təzyiqlər göstərilir. Hətta həbs edilənlər də var. ABŞ bu vəziyyətdən narahatdır. Hesab edirik ki, İran jurnalistləri də həbs etməklə ölkədə azad siyasi fikrin qarşısını almağa çalışır. Siyasi və dini səbəblərdən həbs edilən məhbuslar azadlığa buraxılmalıdır”.