Bakı-APA. ABŞ-ın İraqın müharibədən sonra bərpa olunması planı bu məqsədlə 60 milyard dollar ayrılmasına baxmayaraq, İraqdakı vəziyyəti yaxşılaşdırmayıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, İraqın bərpa olunması müfəttişi Stüart Bouenin ABŞ Konqresi üçün hazırladığı hesabatda belə deyilir.
Stüart Bouenin hesablamalarına əsasən, 8 milyard dollara yaxın vəsait havayıdan xərclənib. Müfəttişin fikrincə, uğursuzluğun əsas səbəbləri İraqdakı korrupsiya və təhlükəsizlik səviyyəsinin aşağı olmasıdır. Həmçinin Bouen İraq rəsmiləri ilə aparılan məsləhətləşmələrin qənaətbəxş olmadığını vurğulayıb.