APA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Keytlin Hayden deyib.
“Biz hazırda daha çox məlumatlar toplamağa, Ukrayna təhlükəsizlik qüvvələrinin açıqlamasını araşdırmağa çalışırıq. Hazırda bu məlumatları təsdiqləməyə hazır deyilik. Buna baxmayaraq, Rusiya və rusiyayönümlü qüvvələrin Ukraynaya müdaxiləsindən narahatlığımız yenə də öz qüvvəsində qalır. Rusiyanın heç bir haqqı yoxdur ki, Ukraynaya rəsmi Kiyevin icazəsi olmadan hər hansı nəqliyyat vasitəsi, şəxslər və ya hər hansı xarakterli yük göndərsin. Rusiyanın son günlər Ukraynanın sabitliyini pozmaq üçün nümayiş etdirdiyi fəaliyyət təhlükəli və təxribat xarakterlidir. Bura separatçıları silah-sursatla, müxtəlif raket sistemləri ilə təmin etmək də daxildir. Rusiya ərazisindən Ukrayna əraziləri müasir SA-22 hava müdafiə sistemlərindən və müxtəlif növ texnikalardan artilleriya atəşinə tutulub”, - deyə K. Hayden bildirib.
K. Heyden Rusiya prezidenti Vladimir Putinin “Biz Ukraynadakı münaqişəni həll etmək üçün hər şey etməyə hazırıq” açıqlamasına da toxunub: “Rusiya prezidenti buna Ukrayna ərazilərinə atəşi dayandırmaqla, separatçılara silah-sursat və texnika yardımını kəsməklə, sərhədləri silahlılara bağlamaqla, eyni zamanda ATƏT-in müşahidəçi missiyasına şərait yaratmaqla başlaya bilər. Beynəlxalq Qızıl Xaç Komitəsi və Ukrayna hökumətinin nəzarəti altında Ukraynanın şərqinə edilən humanitar yardım təşəbbüslərini dəstəkləyirik. Lakin Rusiyanın Ukrayna ərazilərinin işğalına davam etməsi və separatçıları dəstəkləməsi ilə humanitar yardımlar göndərməsi və sülhdən danışması ziddiyyət təşkil edir”.