Bakı-APA. ABŞ hakimiyyəti Suriya müxalifətinə yardımı artıracaq, lakin hələlik onu silahlı təchiz etməyi planlaşdırmır. APA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib.
«Apardığımız siyasətə uyğun olaraq biz Suriya müxalifətinə silah göndərməmişik və göndərmirik, lakin biz əlimizdə olan hərəkət variantlarını öyrənməyə davam edirik», deyə Karni bildirib.
O xatırladıb ki, keçirdiyi son mətbuat konfransında prezident Barak Obama Suriya barəsində istənilən addımların, o cümlədən hərbi güc tətbiqinin mümkünlüyünü təsdiq edib.
Karninin sözlərinə görə, ABŞ bu məsələləri «öz dostları və müttəfiqləri» və Suriya müxalifətinin əsas qruplaşmalarından olan Hərbi Şura ilə müzakirə edir.