Bakı-APA. ABŞ “İslam Dövləti”nin Suriyadakı mövqelərinə zərbə endirmək qərarı versə rəsmi Dəməşqin razılığını gözləməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib. “Vətəndaşlarımızın həyatına ciddi təhlükə yaranarsa biz Suriya hakimiyyətinin razılığını gözləməyəcəyik”, deyə Psaki qeyd edib.
Qeyd edək ki, Suriya XİN rəhbəri Valid Muallem bundan əvvəl ABŞ-a “İslam Dövləti” qruplaşması ilə mübarizədə ABŞ, Böyük Britaniya və digər ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
Muallem qeyd edib ki, Suriya ərazisində hər hansı əməliyyatın keçirilməsi Suriya rəhbərliyi ilə razılaşdırılmalıdır: “Əks təqdirdə istənilən addım təcavüz kimi qiymətləndiriləcək”.
“Ağ Ev” nümayəndəsi Coş Ernest ötən gün Obamanın “İslam Dövləti”nin Suriyadakı mövqelərinə zərbə endirilməsinə dair hələlik qərar vermədiyini bildirib.