Bakı. Anaxanım Hidayətova – APA. Amerika Erməni Milli Komitəsi (AEMK) 24 aprel – «Erməni soyqırımı günü» ərəfəsində, bu həftə ABŞ dövlət katibi Con Kerrini Amerikada yaşayan erməni diasporunun nümayəndələri ilə görüşə dəvət edib.
APA-nın «Novosti-Armenii» agentliyinə istinadən verdiyi xəbərə görə, Komitə sədri məktubda Ken Xaçikyan C.Kerrini yeni təyinatı münasibətilə təbrik edib, onun Massaçusets ştatının erməniləri ilə çoxillik dostluq əlaqələrinin olduğunu bildirib. «Bizim üçün çox xoşdur ki, ölkəmiz üçün belə bir tarixi anda Dövlət Departamentinə prinsip və prioritetləri erməni icması üçün xüsusi əhəmiyyət kəsb edən, böyük siyasi təcrübəyə malik olan bir insan başçılıq edəcək», - deyə K.Xaçikyan vurğulayıb.
Məktubda qeyd olunur ki, Dövlət Departamenti hər zamanı erməni icması ilə müxtəlif məsələlərin geniş spektrini müzakirə edib və AEMK tərəflər arasında əməkdaşlığın C.Kerrinin ABŞ Konqresində irəli sürdüyü məsələlər üzrə davam edəcəyinə ümid edir. Bunların sırasında ABŞ-Ermənistan əlaqələrinin möhkəmləndirilməsi, «Dağlıq Qarabağ Respublikasının» təhlükəsizliyinin təmin olunması, Suriyadakı ermənilərin müdafiəsi və «erməni soyqırımı»nın tanınması məsələləri də var.