Bakı-APA. BMT baş katibi Pan Gi Mun Suriya prezidenti Bəşər Əsədin böhrandan çıxışa dair planını tənqid edib.
Yanvarın 6-da Bəşər Əsəd böhrandan çıxış planını təklif edib. Planda xarici dövlətlərdən terrorçuları maliyyələşdirməyə son qoymağı tələb etmək, milli dialoqa dair konfrans çağırmaq, yeni hökumət yaratmaq, yeni konstitusiya hazırlamaq və ümummilli amnistiya elan etmək nəzərdə tutulur.
«Baş katib hesab edir ki, Bəşər Əsədin çıxışı Suriya xalqının əziyyətlərinə son qoyacaq nizamlanmaya xidmət etmir», deyə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki bildirib.
Nesirkinin sözlərinə görə, BMT baş katibi Əsədin ölkənin bütün qüvvə və təbəqələrinin iştirakı ilə Suriya keçid hökumətinin yaradılması planına biganə yanaşmasından məyus olub. Bu plan BMT və ƏDL-nın xüsusi nümayəndəsi Lahdar İbrahimi tərəfindən irəli sürülüb.