Bakı-APA. BMT Dəməşqdəki heyətinin bir qisminin təhlükəsizlik baxımından Suriyadan çıxarılacağını rəsmi olaraq təsdiq edib.
“Dəməşqdəki beynəlxalq heyətin bir qismini müvəqqəti olaraq ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul olunub”, deyə bu gün brifinqdə BMT-nin rəsmi nümayəndəsi Martin Nesirki bəyan edib. Onun sözlərinə görə, BMT və Ərəb Liqasının Suriyadakı rəsmi nümayəndəsi Lahdar Brahiminin ofisinin əcnəbi əməkdaşları müvəqqəti Beyrut və Qahirəyə köçürüləcək. Martin Nesirki qeyd edib ki, bu tədbirlər müvəqqəti olaraq təhlükəsizlik baxımından qəbul olunub.
“Dünən və bu gün Dəməşqdə BMT əməkdaşları yerləşdiyi otelin yaxınlığında bir neçə mərmi partladılıb. Binaya və BMT-yə məxsus bir neçə avtomobilə xəsarət yetirilib”, deyə Martin Nesirki qeyd edib.
Suriyada, ümumi olaraq, 100-dək BMT əməkdaşları fəaliyyət göstərir.