Bakı-APA. Vaşinqton Ukrayna hakimiyyəti tərəfindən keçmiş baş nazir Yuliya Timoşenkonun azad ediləcəyinə ümid edir. APA-nın məlumatına görə, ABŞ dövlət katibi Con Kerri ukraynalı həmkarı Leonid Kojara ilə görüşdən qabaq belə bir bəyanatla çıxış edib.
«Bu gün müzakirə etmək istədiyim məsələlərdən biri Avropa Birliyi ilə assosiasiya barədə sazişin imzalanması üçün vacib olan şərtlərdir. Biz ümid edirik ki, liderlər bununla bağlı bəzi mürəkkəb məsələləri həll edəcəklər. Həll olunmalı məsələlərdən biri də bəzi insanlar, o cümlədən keçmiş baş nazir Timoşenko barədə qaldırılmış cinayət işlərinə xitam verilməsidir», deyə Kerri bildirib.
Bir müddət öncə Avropa Birliyi Yuliya Timoşenko azad edilməyənədək Ukrayna ilə assosiasiya sazişinin imzalanmayacağını bəyan etmişdi.