Bakı-APA. “Assoşieyted Press” aparıcı informasiya agentliyinin “Tvitter” səhifəsi suriyalı hakerlərin hücumuna məruz qalıb. Bundan sonra agentliyin mikrobloqunda Ağ Evdə iki partlayışın törədilməsi, nəticədə ABŞ prezidenti Barak Obamanın yaralandığı barədə xəbər yerləşdirilib. “Assoşieyted Press elektron poçtla göndərdiyi məktubda akkauntun dağıdıldığını bildirib. Partlayışlar barədə xəbər həqiqətə uyğun deyil”, deyə “İTAR-TASS”a Ağ Evin Milli təhlükəsizlik şurasından bildiriblər.
Qeyd edək ki, “Assoşieyted Press” agentliyinin “Tvitter” akkauntunun dağıdılmasına görə məsuliyyəti öz üzərinə “Suriya elektron ordusu”nun hakerləri götürüb. Onlar bu barədə qeyd olunan sosial şəbəkədəki səhifələrində xəbər veriblər.
Hal-hazırda Assoşieyted Press”in “Tvitter” akkauntu fəaliyyətini dayandırıb, onun bərpası üçün tədbirlər görülür.
Xatırladaq ki bir neçə gün öncə “Suriya elektron ordusu”nun hakerləri SBS telekanalının “Tvitter” akkauntunu dağıdaraq ABŞ əleyhinə şüarlar yerləşdirib.