Bakı-APA. «ABŞ gələcəkdə öz məqsədlərinə nail olmaq üçün silahlı qüvvələrdən çox diplomatiyadan istifadə etmək fikrindədir». APA-nın məlumatına görə, dövlət katibi Con Kerri Virciniya universitetində çıxışı zamanı bu fikri işlədib.
«Xaricə diplomatların göndərilməsi qoşunların istifadəsindən xeyli ucuz başa gəlir. Siz bunu gələcəkdə də yadınızdan çıxarmamalısınız», deyə Kerri bildirib.
Onun sözlərinə görə, gələcəkdə də ABŞ-ın əsas hədəfi əsas insan haqlarının müdafiəsi olacaq və bu sahədə işin bütün ağırlığı diplomatların – dövlət departamentinin və ABŞ beynəlxalq inkişaf üzrə agentliyinin (USAID) üzərinə düşür.
«Biz dünyada əsas insan haqlarını və bərabərliyi təkcə Pensilvaniya-avenyudan (Ağ Evin ünvanı) dəstəkləməli və onları inkişaf etdirməməliyik. Biz bunu dünyanın ən uzaq və ən təhlükəli yerlərində etməliyik... Bütün bu səylər və risqlər bizi daha da güclü edəcək», deyə dövlət katibi bəyan edib.