Bakı-APA. Meksikanın Qomes-Palasio şəhərindəki həbsxanada baş vermiş iğtişaşı yatırarkən ölənlərin sayı 22 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə Duranqo ştatının İctimai təhlükəsizlik nazirliyi məlumat yayıb.
Ölənlər arasında 13-ü məhbus, 9-u isə mühafizə əməkdaşıdır. Məlumata görə, güllə yaraları ilə xəstəxanaya çatdırılmış bir neçə insanın vəziyyəti ağırdır, ölənlərin sayı artacağı istisna olunmur.
Məhbusların planına görə, məhkumların bir qrupu qəfil mühafizəçiləri atəşə tutaraq, qalan kamera yoldaşlarına qaçmağa fürsət yaratmalı idilər. Lakin mühafizə xidmətinin açdığı cavab atəşi nəticəsində iğtişaşı yatırmaq mümkün olub.
Polis məhbusların silahı hansı yolla əldə etməsini araşdırır. Maraqlıdır ki, iki gün əvvəl sözügedən həbsxanadan başqa cəzaçəkmə müəssisələrinə 137 məhbus etap olunub və bu proses zamanı kameralar diqqətlə yoxlanılıb.