Bakı-APA. Venesuela prezidenti postuna təkrar seçilmiş Uqo Çaves səhhətindəki problemlərlə əlaqədar yanvarın 10-na təyin olunmuş andiçmə mərasimində iştirak edə bilməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə AFP ölkə parlamentinin sədrinin bəyanatına istinadən məlumat yayıb.
Xatırladaq ki, U.Çaves onkoloji xəstəliklə bağlı keçirdiyi əməliyyatdan sonra hal-hazırda Kubada müalicə kursu keçir. Hökumət əvvəl də U.Çavesin inauqurasiya mərasiminin təxirə salınmasını istisna etmirdi.
Qeyd edək ki, bundan əvvəl Venesuela müxalifətinin lideri Enrike Kapriles Ali məhkəməyə müraciət edərək, Uqo Çavesin inauqurasiya mərasimində iştirak etməyəcəyi təqdirdə hansı addımların atılacağını izah etməyi xahiş edib.
“Venesuelada hal-hazırda konstitusiya münaqişəsi baş vermək üzrədir. Mən bilmirəm, Ali məhkəmənin hakimləri nəyi gözləyir? Bütün ölkə onu bilmək istəyir ki, konstitusiya belə halda nəyi nəzərdə tutur?”, deyə Kapriles bəyan edib.
Bundan əvvəl Venesuela katolik yepiskopları konfransının rəhbəri Diyeqo Padron qeyd edib ki, ölkənin əsas qanuna müvafiq olaraq, Çaves mütləq inauqurasiya mərasimində iştirak etməlidir.
Ölkənin vitse-prezidenti Nikolas Maduro isə bəyan edib ki, xəstəlik Uqo Çavesə inauqurasiya mərasimində iştirak etməyə mane olsa belə, o prezident vəzifəsinin icrasına avtomatik başlaya bilər.