Bakı-APA. Venesuelada cəzaçəkmə müəssisəsində iğtişaşlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb. APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, ölkənin ədliyyə naziri İris Varela bu penitensia müəssisənin artıq bağlandığını bildirib.
Nazirin sözlərinə görə, Barkisimeto şəhərindəki “Uribana” həbsxanasının qadın korpusu artıq evakuasiya edilib. Bundan öncə yerli KİV-lər məlumat verirdilər ki, təhlükəsizlik qüvvələri indiyədək həbsxananı tam nəzarətə götürə bilməyib.
Ən son məlumata görə, həbsxanada baş vermiş bunt nəticəsində 61 nəfər həlak olub, 120 nəfər isə müxtəlif xəsarətlər alıb.
İğtişaşlar KİV-lərdə “Uribana” həbsxanasına silah axtarışı məqsədi ilə hərbçilərin göndərilməsi barədə məlumat yayıldıqdan sonra başlayıb.