Bakı-APA. Venesuela Ali məhkəməsi Milli Assambleyanın prezident Uqo Çavesin inauqurasiya mərasimini təxirə salınması barədə qərarını qüvvədə saxlayıb. APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, məhkəmə bəyan edib ki, bu qərar ölkə qanunvericiliyinə zidd deyil.
Məhkəmə sədri Luisa Morales qeyd edib ki, U.Çavesə vəzifəyə keçmək üçün təkrar and içməyə ehtiyac yoxdur, çünki o prezident postuna yenidən seçilib və bundan əvvəl keçirilən prezident seçkilərində qalib gəlib.
Xatırladaq ki, keçən gün Venesuela hökuməti Uqo Çavesin yanvarın 10-na nəzərdə tutulmuş inauqurasiya mərasimində iştirak edə bilməyəcəyini təsdiq edib və andiçməni qeyri müəyyən müddətə təxirə salıb.
Qeyd edək ki, hal-hazırda Uqo Çaves Kubada müalicə alır. Dekabrın 11-də o onkoloji əməliyyat keçirib.