Bakı-APA. Venesuela prezidenti Uqo Çavesin səhhətində dəyişiklik yoxdur. Bu barədə ölkənin rabitə və informasiya naziri Ernesto Vilyeqas məlumat verib.
«Sonuncu məlumatla müqayisədə prezidentin səhhətində dəyişiklik yoxdur. Sonuncu məlumatda onda nəfəs çatışmazlığı olduğu bildirilirdi», deyə Vilyeqas bildirib.
Nazirin sözlərinə görə, Çavesin müalicəsi həkimlərin ciddi nəzarəti altında əvvəlcədən nəzərdə tutulduğu kimi keçirilir.
Çaves hazırda Kubadadır. Burada o dekabrın əvvəlində onkoloji xəstəliklə bağlı əməliyyat olunub.
Yanvarın 10-da o yenidən Venesuela prezidenti qismində and içməlidir. Lakin andiçmə mərasiminin təxirə salınması istisna olunmur.