Bakı-APA. Venesuelanın müxalifət partiyaları Miranda ştatının qubernatoru Enrike Kaprilesi prezidentliyə vahid namizəd kimi irəli sürüblər.
Venesuela XİN başçısı Elias Haua bir ay ərzində yeni prezident seçkilərinin keçiriləcəyini, o vaxtadək isə ölkəni vitse-prezident Nikolas Maduronun idarə edəcəyini bildirib.
Kapriles hakimiyyəti konstitusiyaya əməl etməyə çağırıb. Venesuela konstitusiyasına əsasən, prezident öldükdə bir ay ərzində yeni prezident seçkiləri keçirilir. Yeni prezident vəzifəsinin icrasına başlayanadək isə ölkəni parlamentin sədri idarə edir.
Enrike Kapriles keçən ilin oktyabrında prezident seçkilərində iştirak edərək Uqo Çavesə məğlub olmuşdu.
Venesuela prezidenti Uqo Çaves dünən 59 yaşında onkoloji xəstəlikdən vəfat edib.