Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin üzvləri qarşısında videoformatda çıxış edib.
APA-nın xəbərinə görə, Zelenski Ukraynada qapalı uçuş məkanı yaratmağa alternativ olaraq ölkəyə Hava Hücumundan Müdafiə (HHM) Sistemləri verilməsini istəyib.
O, həmçinin, bütün ABŞ şirkətlərini Rusiya bazarını tərk etməyə, ABŞ limanlarının Rusiya malları üçün bağlanmasına çağırış edib.
“Hər gün Rusiyanın raketləri altında olan paytaxt Kiyevdən sizi salamlayıram. Lakin şəhər vaz keçmir və biz bir saniyə belə bu barədə düşünmürük. Ukraynanın digər şəhərlərində də vəziyyət belədir”, - Ukrayna dövlət başçısı qeyd edib.
O vurğulayıb ki, sülhsevər, azadlıqsevər Ukrayna xalqı 8 ildir Rusiya işğalına qarşı mübarizə aparır: “Hazırda bizim ölkəmizin, xalqımızın taleyi həll olunur. Ukraynalılar azad olacaqmı, öz demokratiyasını qoruya biləcəkmi?! Rusiya yalnız bizə, bizim torpaqlarımıza, şəhərlərimizə hücum etməyib. Rusiya həm də bizim dəyərlərimizə və ən əsası fundamental insan haqlarına qarşı qəddar hücum reallaşdırıb. Rusiya bizim azad gələcəyimizə, azadlıq hüququmuza hücum edib.
Pörl-Harboru, 11 sentyabrı xatırlayın. Bu gün Ukrayna bütün bunları hər gün, artıq 21 gündür yaşayır. Ukraynanın şəhərləri hücum altındadır. Rusiya Ukraynanın səmasını ölüm mənbəyinə çevirib və nəticədə minlərlə insanımız həlak olur”.
Konqres üzvləri Ukrayna Prezidentini ayaq üstə alqışlayıblar.