Daş dəyirmanlarının əvəzsiz unu – Bu ləzzət niyə yoxa çıxır?

# 16:06
11 dekabr 2023

 

Yaşlı insanlar yəqin xatırlayırlar, çox da uzaq olmayan keçmişdə kəndlərimizdə evlərimizdə bişirilən təndir çörəklərinin ətri hər yeri bürüyərdi. Nənələrimiz, analarımız təndirə çörək yapanda yoldan keçənlər ayaq saxlayıb dəymiş motal pendiri ilə bir təndir çörəyi yeyərdi. O çörək günlərlə də saxlansa dadını, keyfiyyətini itirməzdi. Əllə bölmək, dişlə rahat kəsmək mümkün idi o çörəkləri. İndi bişirilən çörəkləri isə ağızda çeynəmək də olmur. Bəs görəsən bu dadın sirri nədə idi? Yaşlı nəsillər deyir ki, o sirr daş dəyirmanında çəkilən buğdadan alınan kəpəkli unda idi. Tez-tez təndirə çörək yapan Xatın Hacıyeva Xankeçəndə ən ləzzətli çörək yapanlardan biridir. Xatın ana deyir ki, çörəyin ləzzəti onu yapan əlin ləzzətli olması qədər, unundan da asılıdır. Yaşlı nəslin nümayəndələri deyir ki, una ətir verən orqanizm üçün vacib və faydalı olan komponentlər daş dəyirmanlarda buğdadan hazırlanan unda daha çox olur. Belə unların içərisində ən keyfiyyətlisi isə kəpəkli unlardır. Bəs görəsən bir zamanlar daş dəyirmanları çox olan Salyan və Sabirabad rayonlarında indi vəziyyət necədir? Salyanın Noxudlu kəndində qarşımıza çıxan bu dəyirman fəaliyyətdə olsa da qapısı qıfıllı idi. Dəyirmanın sahibi Rasim kişi deyir ki, 30 il əvvəl açdığı dəyirmana hazırda demək olar heç müraciət edən də yoxdur. Orda daş dəyirmanı da var, müasir avadanlığı olan dəyirman da. Amma çox az adam dəyirmana buğda gətirib çəkdirir. Çox vaxt da şəkər xəstəsi olanlar müraciət edir. Sakinlər deyir ki, rayonda çox yerdə daş dəyirmanları olub. Amma hamısı bağlanıb, çoxunun binası, divarları qalıb. Sabirabad rayonunun Minbaşı kəndində yerləşən bu dəyirman da indi quruca binası qalan dəyirmanlardandır. Söhbətləşdiyimiz kənd sakinləri isə əvvəllər bişirilən ətirli çörəyin dadından ötrü darıxdıqlarını deyirlər. Hə, beləcə, dadlı təndir çörəyinin xəyalı və köhnə daş dəyirmanlarının axtarışı ilə səyahətimizi bitiririk. Nəinki təndir çörəyi bir çox tərəvəz növləri də var ki, ağzımızda və genetik yaddaşımızda izləri qalsa da nə dadı o daddır, nə də geni. Yox, əsla keçmişdə yaşayaq, inkişafa yox deyək demirik. Amma köhnə dadların və keyfiyyətin saxlanıldığı müəssisələrin olması həm təbii məhsullara əl çatanlığı artırar, həm də rəqabətliliyin və çeşid bolluğunun olmasına səbəb olar.

Əlibəy Zeynallı Elçin Həsənov
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR