“Muğanbank”dakı 106 milyon sığortasız pulun aqibəti necə olacaq?

# 20:00
24 oktyabr 2023

 

Ötən günlərdə “Muğanbank”ın bağlanması xəbərini aldıq. Bu da təbii olaraq sözügedən bankda əmanətləri olan vətəndaşların narahatlığına səbəb olub. 1 oktyabr tarixində “Muğanbank”ın depozit portfelinin həcmi 322,5 milyon manat olub. Mərkəzi Bankdan bildirilib ki, bu müddətdə Bank üzrə sığortalanmış əmanətlər 216.6 milyon manat təşkil edir. İqtisadçı Samir Əliyev isə öz feysbuk səhifəsində bu məlumatı paylaşaraq, 106 milyon manatlıq vəsaitin taleyinin sual altında olduğunu yazıb. Elə həmin sualla da Mərkəzi Banka müraciət etdik. Qurumdan bildirildi ki, “Muğanbank”dakı 322.5 mln. manatdan 29,4 mln. manat hissəni hüquqi şəxslərin depozitləri, 293.1 mln. manat hissəni isə fiziki şəxslərin əmanətləri təşkil edir. 216,7 mln. manatı sığortalanmış əmanət kateqoriyasına aiddir. Bu isə bankın əmanətçilərinin 99,9%-dir. Sığortalanmış əmanət kateqoriyasına aid olmayan əmanətlərin isə məhkəmə tərəfindən ləğvedici təyin edildikdən sonra növbəliliyə uyğun olaraq ödənilməsi nəzərdə tutulur. İqtisadçı Xalid Kərimli də “Muğanbank”ın öhdəlikklərinin gələcəyilə bağlı məsələyə münasibət bildirərək dedi ki, sığortalanmayan əmanətlərin qaytarılması bankın öhdəliyindədir. İqtisadçı bildirir ki, Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri ödəyəndən sonra bankın likvid vəsaitlərindən bu vəsaiti geri götürəcək. Bundan sonra isə növbəti ardıcıllıqla ödənişlər həyata keçiriləcək. Əgər bir üst ödəniş bitmədisə, ikinci ödənişə keçmək qanunla qadağan edilir. Yəni növbəti ödəniş ardıcıllığını iqtisadçı belə izah etdi. Əmanətlərin sığortalanması fondunun ləğvetmə işləri zamanı ortaya çıxan inzibatçılıq və işçilik xərcləri bankın resurslarından götürüləcək. Daha sonra isə müflisləşənə qədər 6 ay ərzində bankın işçilərə borcu varsa, bu borc bağlanacaq. Bu ödənişlər bitəndən sonra artıq bank müflis olunandan bir il əvvələ qədər dövlətə olan vergi, sosial ödəmələr üzrə borclar bağlanacaq. Bu ödənişlərdən sonra vəsait qalarsa, növbə təminatsız kreditorlara keçəcək. “Muğan Bankın” bağlanmasına görə ortaya çıxan digər bir narahatlıq da buradakı notarius hesablarındakı pulların qaytarılmasıdır. İqtisadçı deputat Vüqar Bayramlı bildirib ki, “Muğan bank” notariuslar ilə daha sıx əməkdaşlıq edən banklardan olub. Ödənişlər zamanı pulların hesablarda müəyyən zaman qaldığını nəzərə alsaq, bankın notarius depozit hesablarında da vəsaitlərin olduğu güman edilir. Daşınmaz və əksər daşınan əmlaklar nağdsız satıldığı üçün bu zaman vəsait bir müddət depozit hesablarında qalır. Əmlakını satan vətəndaş alıcının ödədiyi pulu orta hesabla 2 iş günü ərzində bankda nağdlaşdıra bilirdi. Məsələn, vətəndaş 150 min manata evini satıb, o pulunu 2 gün sonra ala bilir və həmin müddətdə bank müflis olur. Bank müflis olduğundan həmin vəsaiti əldə edə bilmir. Bu halda nə etməlidir? İqtisadçı bildirir ki, qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə ödənilir. Bu isə o deməkdir ki, bu halda vətəndaşın vəsaiti tam ödənilməlidir və heç bir halda onun pulunun qaytarılmaması və ya qismən ödənilməsi müzakirə edilə bilməz.

AYNUR QARA

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR