2022 fərqli gəlir: 1,5 milyard kimlərə veriləcək?

# 19:41
21 dekabr 2021

Gələn ildən əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət, ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min tələbənin müavinət və təqaüdləri artırılacaq.

Artıq bununla bağlı ölkə başçısı İlham Əliyev müvafiq fərman və sərəncamlar imzalayıb. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Milli Məclisin komitə sədri Musa Quliyev hesab edir ki, Azərbaycan sosial rifah dövlətinə çevrilib: “Müharibə və post müharibə dövründə də bu siyasət davam edib. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərimizin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların müalicəsi, bərpası istiqamətində böyük işlər görülüb. 2022-ci ilin dövlət büdcəsi müstəqilliyimiz dövründə ən iri həcmli sosial yönümlü bir büdcədir. Prezident İlham Əliyevin sosial sahəni əhatə edən son iki sərəncamı sosial rifahın daha da yaxşılaşacağının əyani sübutudur. Ümumi sərəncamın maliyyə xərci 500 milyon manata yaxındır. 2022-ci ildən icrasına başlanılacaq bu sərəncamların əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində apardığı sosial islahatlar paketinin həcmi 2 milyon 100 min vətəndaşımızı əhatə edəcək”.

Deputat Aydın Hüseynovun sözlərinə görə, bu gün Azərbaycanda xüsusilə həssas sosial təbəqəyə diqqət göstərilir: “İlk növbədə şəhid ailələri, qazilərimiz, onların ailələri dövlətin xüsusi qayğısı ilə əhatə olunub.  2022-ci ilin dövlət büdcəsində sosial xərclər 46.4 faiz təşkil edir. Bu çox önəmli bir rəqəmdir. Sosial xərclərin tərkibində isə əməkhaqqı tutumu daha çoxdur. Bu bir daha onu göstərir ki, ölkə iqtisadiyyatının potensialı artdıqca birinci növbədə sosial xərclərə yönəlir, eyni zamanda vətəndaşların problemlərinin həllinə yönəlir. Ən başlıcası isə ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onların qayğılarının əhatələnməsi durur. Sərəncam ciddi maliyyə tutumunu əhatə edir, bu isə o deməkdir ki, dövlətimizin iqtisadi dayanıqlılığının göstəricidir”.

Deputat Cavid Osmanov isə qeyd etdi ki, sosial islahatların aparılması üçün ötən həftə və bu həftə imzalanmış fərman və sərəncamlardan 2 milyondan artıq vətəndaş bəhrələnməsi Azərbaycanda əhalinin həssas qruplarının sosial rifahının yüksəldilməsinə xidmət edəcək.

Onun sözlərinə görə, prezident İlham Əliyevin imzaladığı son sərəncamlar bir daha  deməyə imkan verir ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində vətəndaş amili dayanır: “2018-ci ildən bu günə kimi aparılan bir çox sahədəki islahatlar və bunu  tərkib hissəsi olan sosial islahatlar inqilabi xarakter daşıyır. Birmənalı olaraq qeyd etmək olar ki, dünya ölkələrinin koronovirus pandemiyası baxımından iqtisadiyyatında  çox mənfi enmələr var. O, cümlədən Azərbaycan öt il 44 günlük Vətən Müharibəsini geridə qoymuş bir ölkədir. Bununla yanaşı bu gün işğaldan azad olunmuş nəhəng yenidənqurma və bərpa işləri aparılır Azərbaycan Prezidentinin imzaladığı bu sərəncamlar məhz dövlətimizin gücünün və qüdrətinin göstəricisidir”.

Sosial müavinətlərin məbləği artırılması istiqamətində son günlər müvafiq qərarlar qəbul edilib. Buna baxmayaraq, bir sıra istiqamətlərdə həm minimum pensiya həddinin müəyyən edilməsi, həm müxtəlif müavinət növünün məbləğinin dəyişdirilməsi, eyni zamanda ayrı-ayrı büdcə təşkilatlarında çalışanların gəlirlərinin artırılması ilə bağlı qərarvermə prosesi tam başa çatmayıb:

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, son dövrlərdə həm pandemiyanın yaratdığı təzyiqlər fonunda azalan gəlirlər, eyni zamanda inflyasiyanın yaratdığı gəlir dəyərsizləşməsi gündəmdədir: “Bu əhalinin yoxsullaşması, ailə büdcələrinin dəyərsizləşməsi istiqamətində təzyiq formalaşdırıb. Hökumət müxtəlif sosial qruplar üzrə bu təzyiqi neytrallşdırmağa çalışır. İndi şərtlər daxilində minimum əmək haqqının 25 faiz artırılması, müxtəlif sosial müavinətlər isə 30 faizdən 10 faizə qədər artırılma  və s artırılmalar vardı. Növbəti qərarların gözlənilməsi daha faydalı olacaq. İstənilən halda qeyd etmək lazımdır ki, inflyasiya təzyiqləri yüksəkdir. Xüsusilə düzgün sosial siyasətin həyata keçirilməsi bir sıra mühüm parametrlərin dəqiq qiymətləndirilməsinə ehtiyac vardır. O, cümlədən yaşayış minimumunu, bu minimumun 210 manat ətrafında müəyyən edilməsi hazırkı şərtlər daxilində real bazar qiymətləri ilə uzlaşmır”.

“Bu istiqamətdə struktur təkmilləşdirilməsinin aparılmasına ehtiyac vardır”-deyən ekspertin sözlərinə görə uzun müddətdir Nazirlər Kabineti istehlak səbətinin strukturuna baxmır. Mütəxəssis deyir ki, yeni dövr yeni yanaşmalar tələb edir. Bu məsələlər nəzərə alınmalı, keyfiyyət dəyişikliyi aspektindən yenidən qiymətləndirilməli, həmçinin məbləğin müəyyən edilməsi zamanı real bazar qiymətləri əsas götürülməlidir. 

Sevinc Vaqifızı,

Ceyhun Mustafayev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR