Allahın bizi alqışladığı məkan: Min illik mistik simvol

# 10:30
18 oktyabr 2021

Can Azərbaycan! APA TV yenidən Xudafərindədir. Xudafərin körpüsünün tarixindən, adət ənənələrdən söhbət açacağıq. Hansı ki, biz Xudafərin haqqında nağıllardan, əfsanələrdən və bədii-tarixi romanlarda oxumuşuq. Xüsusilə də mənə Xudafərin adını Fərman Kərimzadənin “Xudafərin körpüsü” əsəri sevdirib. Çünki, Xüdafərin Bütöv bir Azərbaycan deməkdir!.

 

Azərbaycanın həsrət və bütövlük simvolu olan Xudafərin! Əsrlər boyu parçalana-parçalana bölünmüş ölkənin Araz boyda yarası üzərində məlhəm olan Xudafərin! "Xuda-Afərin", "Allaha Salam", “Xudanın alqışladığı yer” mənalarını özündə birləşdirən Xudafərin. Və nəhayət zaman-zaman xalqımızın çəkdiyi ağrıların, yaşadığı məhrumiyyətlərin simvolu və şahidi olan Xudafərin!

 

 Şair İsmayıl İmanzadənin təbirincə desək:

 

Ay ulu daş kitabəm, gəcavəm-taxtım mənim.

Bakı-Təbriz biçimli könül paytaxtım mənim.

Vüsala həsrət qalan taleyim, baxtım mənim -

Şahım, xanım, sultanım - Xudafərin körpüsü.

 

Tarixin min bir tufanını, fırtınasını görən, neçə-neçə hökmdarların, sərdarların, padşahların istilalarına şahidlik edən Xudafərin körpüsü son 27 ildə yad əllərdə əsir qaldı, beli bükük, könül tağı sınıq qaldı. 27 il hər gün Xudaya əl açaraq bir gün bizi Xudafərinimizə qovuşdurması üçün dua etdik. Nəhayət 27 ildən sonra nisgilimiz, sarsıntımız sona ərdi,  artıq bir ildir ki, dualarımız qəbul olunub, Xudafərin həsrəti də bir dəfəlik sonlandi, rəşadətli ordumuz Araz çayı sahilində Xudafərinə üçrəngli Azərbaycan bayrağını sancdı.

 

Bu bayraq bu gün bütöv Azərbaycana öz şəfəqlərini yayır. Araz çayından əsən xoş mehdən güc alaraq gün boyu qürurla dalğalanan bayrağımızın səsi bütün Azərbaycanda duyulur. Bu səs qəhrəmanlıq şərqisi, marş kimi ordumuza güc, qüvvət verir.

 

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə işğaldan azad edilmiş torpaqlara başlanan silsilə səfərlərinin əvvəlində Xudafərini ziyarət etdi. Axı Xudafərinin azadlığı qələbənin ilk müjdəçisi, qalibiyyətin dönüş nöqtəsi idi.  O zaman körpünün üstündə Azərbaycan bayrağının qaldırılması ilə Azərbaycan əsgərinin ayaq səslərinin bu torpaqlara qayıdışını eşitmək xalqımıza güc-qüvvət verdi. 

 

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan!

Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan!

Xudafərinə gələsən ustad Şəhriyarı kəlmələrini xatırlamayasan.

 30 ildir biz o taydan keçəndə bu torpaqlara həsrətlə baxırdıq, artıq bu həsrət bitib. İndi bu taydan o taya-Güneyimizə  həsrətlə baxırıq. Xüsusi qeyd edim ki, 44 günlük Vətən müharibəsində o taylı qardaşlarımız da bu taya eləcə həsrətlə və həyəcanla baxırdılar. Azərbaycanın haqq savaşını dəstəkləyirdilər. Axı biz bir qandan, bir candan, Azərbaycandanıq”.

 

Hər dəfə o körpülərə baxanda bu taydakılar o tayı, o taydakılar bu tayıxatırlayıb köks ötürüb, için-için yanıb. Azərbaycanlı o körpülərdə xalqın ağrısını, əzabını görüb. Bu gün də o tayda olan soydaşlarımız buradan keçəndə bir ayaq saxlayıb bu tayı salamlayır, bəzən canları bahasına başa gəlsə də, bəzən cərimələnmələrini belə göz altına alsalar da yenə də öz nisgillərini bir salamla xəfiflətməyə çalışırlar

 

Yenə də şair İsmayıl İmanzadə dillənir:

 

Arazın sinəsində daşlaşan su sonası,

Tanrıya şükranlıqdır adının ilk mənası.

Vətənin iki qütbə parçalanmış dünyası -

Xəttim, imzam, ünvanım - Xudafərin körpüsü.

 

Son 27 ildə hər dəfə Xudafərin deyəndə təkcə o tayı - güneyimizi  xatırlamırdıq, həm də Qarabağı xatırlayırdıq, işğal altındakı torpaqları düşünürük. Zəngilanın, Cəbrayılın erməni vandalları tərəfindən işğal edildiyi bir zamanda dinc əhalinin ölümün əlindən qurtulub ümid yeri kimi Arazın o tayını seçəndə, şaxtalı, soyuq qış günlərində Araz sularına qərq olanda da yenə də ağrılı-acılı Xudafərin, qana boyanmış Xan Araz yada düşür.

 

Hələ 1918-1920-ci illərdə hay-daşnak, rus-bolşevik və ingilis-fransız birləşmiş silahlı qüvvələrinin Cəbrayıl qəzasına qanlı hücumlar törədəndə, ümumilikdə Cəbrayıl, Şuşa və Cavanşir qəzalarında 21 kənd məhv edəndə, 8-10 minə qədər insan qətlə yetirəndə də bütün bunlara Xudafərin şahidlik etmişdir.

 

"Gülüstan"da boğulan səsimdi, avazımdı

"Türkmənçay"da sərhəddə çevrilən Arazımdı.

Sağalmayan yaramdı, qanlı alın yazımdı  -

Varlığım, and-amanım - Xudafərin körpüsü.

 

1027-ci ildə Şəddadi hökmdarı Fəzil İbn Məhəmməd tərəfindən Rəvvadilərə qarşı mübarizə aparmaq üçün Araz çayı üzərindən salınmışdı Xudafərin körpüsü. Bu adda 2 körpü olduğu bizə hal-hazırda məlumdur. Gördüyümüz Xudafərin körpüsü bir qədər dağılsa da, hazırda qalır, digər körpü isə dağılıb və cəmi 2 hissəsinin mövcud olduğu deyilir.

 

Bu yerlərdə, körpülərin həmdəmi bir Xudafərin kəndi də vardı. Qarabağın işğaldan azad olunmuş bütün şəhərləri , qəsəbələri, kəndləri kimi indi bu kənd də yerlə yeksan edilib. Evləri dağıdılıb, viranəliyə çevrilib. İndi bu dağılmış kəndlərin evləri də Xudafərinə qoşularaq tarixin bir parçasına çevrilib. 

 

“Elimizin bir adəti var, deyir ürəyində arzu, niyyət tutub onu axar suya danışanda gec-tez arzun mütləq gerçəyə çevrilir. Bu gün Cəbrayılda, Xudafərində gördüyüm bu dağıntıların, işğalın və müharibənin izlərinin yox olmasını, ölkəmizə sülh, əminamanlıq, firavanlıq, yeni həyat gəlməsini diləyib özümlə gətirdiyim bu balaca ağ gəmimə yazmışam. Sülhün rəmzi olan ağ göyərçini bu gün mən bax bu ağ gəmi ilə əvəzləyib onu bütün bəşəriyyətə ünvanlayıb arzularımı axar su ilə paylaşıram. Bu axar suda bu balaca gəmim neçə-neçə sahilləri keçəcək, neçə-neçə insanlarla rastlaşacaq. Qoy bu sülhün simvolu həmin sahillərə, insanlara sülh, firavanlıq gətirsin.

İlahə Vəliyeva, Faiq Həsənov APA TV Xudafərin”.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR