Antisanitariyaya görə bağlanan müəssisələri sonra kimlər işlədir?

# 15:48
16 oktyabr 2021

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ötən həftələrdə, bir sıra obyektlərdə yoxlamalar keçirilib. Antisanitar vəziyyət və istehsal tələblərinə cavab verməyən sex və müəssisələrin fəaliyyəti dayandırılıb.

 

Bəs görəsən həmin sex və istehsal müəssisələri sonradan özbaşına fəaliyyət göstərirmi? Buna ümumiyyətlə nəzarət edilirmi?


Mövzunu araşdırmaq üçün ilk olaraq regionlarda fəaliyyəti dayandırılan istehsal müəssisələrinə yollandıq.

 

Müəssisədə məlum oldu ki, Tərtər rayonu, Ədalət Paşayev küçəsində, AQTA tərəfindən aşkar edilən, antisanitar qaydada fəaliyyət göstərən, şirin qarğıdalı çubuqları sexi hal-hazırda bağlıdır. Sex AQTA-nın tələblərinə cavab verdikdən sonra yenidən istifadəyə veriləcək.


APA TV-nin Aran bölgəsi üzrə bölgə müxbiri Əlibəy Zeynallı isə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İmişlidə bağlanan süd məhsulları istehsalı sexində olub. Müxbirimizin gördüyü mənzərə isə hamı kimi bizi də təəccübləndirdi: ”Bir müddət əvvəl antisanitar vəziyyətdə işləyən, süd məhsulları istehsalı sexi, bağlanmışdır. Qanunsuz olaraq sex yenidən açılıb. Sexin sahibi, icazə vermir ki, içəri daxil olub, antisanitar vəziyyəti yenidən çəkək. Hiss olunur ki, obyekt qanunsuz olaraq açılmışdır”.

 

Qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq, hələ çəkiliş qrupumuza təzyiq də göstərildi.

 

Bu müəssisə qanunsuz necə işləyə bilər? Yaxud da fəaliyyəti dayandırılan müəssisələr yenidən necə işləyə bilər? Bütün suallara cavab tapmaq üçün üz tutduq Qida Təhlükəsizliyi agentliyinə. Qurumdan bildirdilər ki, agentlik tərəfindən möhürlənib, fəaliyyəti dayandırılan hər bir obyektin sahibi, həmin gün agentliyə müraciət edib, nöqsanların aradan qaldırılması üçün icazə istəyə bilər. Bu zaman əməkdaşlarımız möhürü söküb, sahibkara təqdim edə bilər.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev bildirir ki, qanunvericiliyin tələbinə görə 30 gün müddətində qeyd olunan nöqsanları aradan qaldırılmalıdır: “Sahibkar qeyd olunan müddət ərzində nöqsanları aradan qaldırırsa, təkrar agentliyə müraciət edir və bizim əməkdaşlar qiymətləndirmə aparır. Əgər sadalanan nöqsanlar aradan qalxarsa, müəssisənin fəaliyyətinə icazə verilir”.


Əkbər Əliyevin sözlərinə görə, əgər qida hazırlanan sex istehsal üçün münasib olmayan zirzəmilərdə fəaliyyət göstəribsə, həmin müəssisə birdəfəlik möhürlənir. Çünki həmin məkanlarda bütün avadanlıqlar yenilənsə belə, qida istehsalı üçün həmin məkanlar münasib deyil.


Həmçinin möhürlənən hər bir obyektin cərimələrinin ödənilməsi üçün müvafiq vaxt verilir. Sahibkar nöqsanları aradan qaldırıb, müəssisəsini işlədəndən bir neçə ay sonrada cəriməni ödəyə bilər: ”Cərimə edilmiş şəxsin müraciəti əsasında, 6 ay ərzində ödənilə bilər. Bu isə inzibati xətalar məcəlləsi ilə tənzimlənir”.


İmişlidəki süd məhsulları istehsal edən sexin yenidən işləməsinə gəlincə isə, bununla bağlı araşdırmaların aparılacağı bildirildi.

 

Maraqlıdır bəs görəsən bağlanan müəssisənin yenidən fəaliyyət göstərməməsi üçün kim nəzarət etməlidir? Qurum rəsmisi bunun üçün onların kifayət qədər əməkdaşının olmadığını bildirir. Deməli, əgər agentlik hər hansı müəssisənin fəaliyyətini dayandırırsa onun sonradan antisanitar şəraitdə yenidən işləməməsi sahibkarın insafına qalır. Yəni aidiyyəti qurumun heç bir nəzarəti yoxdur.

 

Bəs görəsən sahibkarlar agentlik tərəfindən onların obyektinin qanunsuz bağlandığını düşünürsə nə etməlidir?

 

Sualı Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev belə cavablandırır: “Əgər vətəndaş bundan narazı qalıb, tutaq ki, onun obyekti və ya restoranı bağlı qalıb, həmin müddətdə məhkəməyə verə bilər. Məhkəmə həmin obyektin açılmağı haqqında qərar verə bilər. Həmçinin obyektin, məsələn restoranın bağlı saxlanılması sahibkara ziyan vurubsa, bu bağlanma əsassız olubdursa, buna görə AQTA cavabdeh qoya bilər”.


Şamil Paşayevin sözlərinə görə, sahibkarın əldən çıxan faydanı və itirdiyi nüfuzu üçün Qida Təhlükəsizliyi Agentliyindən kompensasiya tələb etmək hüququ var.


Semral Cavad,

Xəqani Hüseynov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR