Bakıda parkinqlər ödənişsizdirsə, 300 min manatı kimlər yığır?

# 10:29
18 yanvar 2022

Tariflər müəyyən olunana qədər parklanma ödənişsizdir. Bəli, lövhədə gördüyümüz odur ki, parklanma ödənişsizdir. Gördüyünüz bu lövhələr Bakı Nəqliyyat Agentliyi tərəfindən asılıb. Paytaxt ərazidə bir çox yerlərdə bu lövhələrə rast gəlmək olur, amma təəssüflər olsun ki, lövhələrdəkilər həqiqəti əks etdirmir. Niyə? Çünki sürücülər avtomobillərini bu ərazilərdə saxladıqları zaman onlardan ödəniş tələb olunur.

 

“Tariflər müəyyən olunana qədər ödənişsizdir amma pul istənilir”.

 

Sürücülər deyir ki, ödəniş məkana görə dəyişir. Hətta bəzi ərazilərdə onlardan normal parklanma yerlərindən daha çox ödəniş tələb edirlər.

 

Gördüyünüz kimi, “Tariflər müəyyən olunana qədər parklanma ödənişsizdir” lövhəsi gözdən pərdə asmaq üçündür.

Bəs bu ərazilərə kimlər nəzarət edir? Qanunsuz ödəmələri kimlər tələb edir? Pul yığılırsa, tariflər niyə illərdir, təsdiqlənmir? Tarif bəlli deyilsə, ödəmə məbləğini kim təyin edib? Və nəhayət... Bu vəsait kimin cibinə axır?

Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, avtomobillərin parklanmalarına Xüsusi təyinatlı nəqliyyat idarəsi nəzarət edirdi, lakin 2018-ci ildən bu səlahiyyətlər Bakı Nəqliyyat Agentliyinə verilib.

 

Beləcə suallarımıza cavab tapmaq üçün üz tutduğumuz ikinci ünvan bu işəyaramaz lövhələri parklanma yerlərinə yapışdıran qurum – Bakı Nəqliyyat Agentliyi oldu.

 

Agentliyin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirdi ki, həmin parklanma yerlərində tələb olunan ödənişlərlə əlaqələri yoxdur:  “Bir mənalı deyə bilərəm ki, Bakı Nəqliyyat Agentliyi adından sui-istifadə hallarına yol verilməkdədir. Bizim hər hansı əməkdaşımızla həmin nəzarətçi ilə hər hansısa əməkdaşlıqdan söhbət gedə bilməz. Əksinə verilən açıqlamalara diqqət etsəniz bu barədə dəfələrlə xəbərdarlıq edilib. Hər dəfə açıq şəkildə bildirmişik ki, tariflər müəyyən olunana qədər küçə parklanma yerlərindən istifadə etmək ödənişsizdir ”.

 

Mayis Ağayev onu da bildirdi ki, baş verən qeyri-qanuni hallarla bağlı hüquq mühafizə orqanlarına müraciət olunsa da, konkret bir tədbir görülməyib.

 

Daxili İşlər Nazirliyindən isə bildirildi ki, Bakı Nəqliyyat Agentliyinin şikayətləri ilə bağlı müvafiq ərazilərdə naryadlar təyin olunub, araşdırmalar aparılır.

 

Yaxşı, bəs illərdir tariflər niyə müəyyən edilmir? Mayis Ağayev deyir ki, tarif paketi hazırlanıb, təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabinetindən isə sualımıza bircə cümlə ilə cavab verdilər: Layihə üzərində işlər gedir.

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirir ki, qanunsuz parklanmalardan ay ərzində təxminən 300 min manat yığılır:

“Hüquqi cəhətdən əsaslandırır ki, vergi verirəm, çek verirəm. Bu gün belə halların yaranması qanunvericilikdə olan boşluqlardan və ya reallıqda yaranan boşluqlardan istifadə edib özlərinə əməlli başlı iş qurublar. Mənim hesablamalarıma görə, Bakı şəhərində təxminən 600 parklanma yeri var. Oradan gündəlik pul yığılır, nəzarətçi kimi ora təhkim etdikləri şəxs də bu pulu kimlərəsə verir.Mən müraciət edirəm ki, ödəniş etməsinlər

 

Problemlə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər aldığını deyən deputat Fazil Mustafa düşünür ki, parklanma məsələsi qeyri-qanuni gəlir yeri olduğundan məsələnin  həlli istiqamətində heç bir tədbir görülmür: “Bunun konkret məsuliyyətin daşıyan qurum var yaxud da əldə olunan vəsaitə nəzarət edən qurum var. Bizdə bu faktiki olaraq büdcədən yayınma vasitələrindən biridir. Belə olan halda büdcəyə daxil olan vəsait olmur. Xeyli sayda cərimələr olur ki bunlar da qanunsuzdur. Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən olunan cərimələrin hüquqi əsası yoxdur. Amma hər kəs göz yumur. Görünür buradakı qeyri-qanuni gəlirlər ayrı-ayrı şəxslərin cibinə getdiyindən bu məsələyə hər hansı reaksiya verilmir”.

 

Deputat bildirir ki, hüquqa istinad edən, dövlət büdcəsinə gəlir gətirən siyasət izlənməlidir. Əks halda əziyyətini vətəndaşlar çəkməli olacaq. Necə ki, çəkir.

 

 

 

Nərmin Murad

Fariz Quliyev

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR