Bakıda sürətlə yayılan “ətirli” təhlükə

# 17:50
1 oktyabr 2021

Ölkəmizdə ətir yağları kifayət qədər populyardır. Qiymətlərinin münasib olması isə, alıcı sayını günü-gündən artırır.

 

APA TV xəbər verir ki, əvvəllər bu satışlar yalnız metro keçidlərində olsa da, indi işini sırf bu istiqamətdə quran çoxlu mağazalar var. Mövzunun dəfələrlə işlənməsinə baxmayaraq, bizi bu mövzuya yenidən toxunmağa vadar edən də, elə son vaxtlar mağazaların sayının artmasıdır.

 

“Yəqin siz də tez-tez qramla ətir satan mağazalara rast gəlirsiniz. Qramı 1 manatdan başlayan bu ətirləri istifadə edənlər kimlərdir? Bəs bu ətirlərin insan sağlamlığına təsiri nə qədərdir? Bunu araşdıracağıq”.

 

Ətir yağları satan mağazalar Azərbaycanın hər yerində mövcud olsa da, onlara daha çox paytaxtda rast gəlinir. Bəs paytaxt sakinləri qramla satılan bu ətirlərdən istifadə edirlərmi? Sorğu apararaq, ətirlərin keyfiyyətindən razı qalıb-qalmadıqlarını soruşduq.

 

 

Gördüyünüz kimi fikirlər müxtəlifdir. Maraqlıdır, bu ətirlərin mənşəyi nədir və Azərbaycana ən çox hansı ölkələrdən gətirilir?

 

Ətir satışı ilə məşğul olan Həsən Əliyev deyir ki, alıcıların fikirləşdiyi kimi, ətirlərin hamısı heç də Çindən gətirilmir: “Ətirlər əsasən İsveçrə Fransa və Türkiyədən gəlir. İsveçrə və Fransadan gələn ətirlər, Türkiyə vasitəsilə Azərbaycana gətirilir”.

 

Satıcı onu da etiraf edir ki, son vaxtlar alıcı sayı çoxalıb və keyfiyyəti daha yaxşıdır:

 

Ətirlərin bazar qiymətlərinə gəlincə isə, “o qədər də yüksək deyi”l. Bunu biz yox, satıcı deyir: ”Qiymətlərimiz 1 manatdan başlayıb, 6 manata kimi olur. Normal qiymətlərdir, biz keyfiyyətə üstünlük veririk. Bəziləri ola bilər ki, ucuzluq mal sata bilər. Amma bizim üçün əsas keyfiyyətdir. Biz razıyıq, qoy oradan bir manat qalsın, amma müştəri razı getsin”.

 

Diqqət çəkən məqam isə odur ki, keyfiyyət sertifikatı ilə bağlı isə demək olar ki, satıcıların hamısı, eyni olaraq “sertifikatımız var, amma hazırda mağazada deyil” deyir:

 

Öyrənirik ki, bu ətir yağlarının istehsalçısı olan şirkətlər kifayət qədər böyük şirkətlərdir və onlar sırf ətir yağı istehsalı ilə deyil, müxtəlif növ sənaye üsulu aromotizatorların, dadlandırıcıların da istehsalı ilə də məşğul olurlar. Yəni sifarişçinin cibinə uyğun olaraq, nə sifariş edilirsə, onu da hazırlayırlar.  

 

Maraqlıdır, bu yağların qarışdırılması ilə məşğul olan adamlar işin peşəkar tərəfini bilirlərmi və ya texnikanı necə öyrənirlər? Ətir satılan mağazalardan birində çalışan satıcı deyir ki, ətirlərin qarışdırılması zamanı uyğunluğu əvvəlcə öz üzərilərində yoxlayırlar. Satıcı deyir ki, əvvəlcə googledən ətirlərin tərkiblərini öyrənirik: “Notları bir olan ətirləri qatıb, öz üzərimizdə test edirik. Sonra müştərilərə təqdim edirik. Bu qarışımların 95 faizi isə müştərilər tərəfindən bəyənilir”

 

Satıcı onu da qeyd edir ki, ətrin qalıcı olması üçün, yağını bol etmək lazımdır. Deyir ki, ətrafa çox yayılmasını arzulayanlar isə parfüm suyunu çox etməlidir.

 

Qramı 1 manatdan başlayan bu ətir yağlarının insan sağlamlığına mənfi təsiri gəlincə isə, dermatoveneroloq uzman Firayya Məmmədova bildirir ki, dərilər müxtəlif olduğu üçün, xəstələrdə eyni maddəyə qarşı fərqli reaksiyalar mövcud ola bilər: “Əgər allergiya yaranıbsa, dəridə suluqlanma, qızartı, qaşıntı olur və bu anju ödəmə kimi aparır. Anju ödəm dediyimiz şey isə dodaqların, göz qapaqlarının ağız boşluğunda selikli qişasının şişməsidir ki, bu ölümlərə apara biləcək reaksiyalardır”.

 

Həkim ətir alarkən bunları etməyi qaçmağı məsləhət görür: ”Keçmişdə hansısa bitkiyə qarşı reaksiya olubsa, bu nəzərə alınmalıdır. Dəri ilə tam təmas qəti şəkildə olmaz. Ən azından 20-25 sm məsafədə sıxılmalıdır. Paltarlara sıxılması məsləhətdir. Parfümləri heç bir halda üzə, saça sıxmaq məsləhət görülmür.

 

Həkim allerqoloq Samir Xudaverdiyev isə bildirir ki, əgər ətirdə spirt və konservat maddəsi çoxluq təşkil edirsə, dəri ilə yanaşı nəfəs allergiyaları da yarada bilər: “Əgər xəstənin burnunda, gözündə, bronxlarında allergiya varsa, nəfəs yollarına daxil olan maddə qıcıqlanma, sulanma, asqırma hətta asmatik pristuplara kimi aktivləşdirə bilər. Ona görə xəstələrə ətirlərlə bağlı xüsusi tapşırıq veririk”.

 

Məsələ ilə bağlı xüsusi qablaşdırmalarda ətir satılan brend mağazalara müraciət etsək də, onlar bununla bağlı danışmaq istəmədilər. Görünür, belə tanınmış firmalar günü- gündən çoxalan ucuz ətir dükanları ilə rəqabətdə uduzurlar. Ucuz dükanların satdığı məhsulların keyfiyyətinə isə heç kim zəmanət vermir.

 

Bazarda  istənilən növ ətir məhsulları mövcuddur. Seçim isə, sizin zövqünüzə və cibinizə qalır.

 

Turan Şakir,

Əli Ələkbər,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR