Bakıda tələbələri yataqxanalardan kim sürgün edib? - APA TV

# 18:57
12 sentyabr 2022

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Artıq həm yerli, həm də əcnəbi tələbələrin Bakıya axını müşahidə olunur. Hazırda ölkəmizdə təhsil alan sub-bakalavr, bakalavr və magistrlərin sayı 250 mindən çoxdur. Bu isə o deməkdir ki, təhsil alanların təxminən 70%-i öz yaşayış yerlərini tərk edirlər. Bu qədər tələbənin isə əksəriyyəti kirayələrdə qalır.

 

Bəs az qala hər il təhsil haqlarını qaldıran, ən xırda xidməti belə maddiyata bağlayan universitetlərimiz bu barədə nə düşünürlər? Ölkəmizdə yataqxana problemi niyə həll olmur?

 

Birinci elə başlayaq Bakı Dövlət Universitetindən. Keçən il açılan bu yeni, müasir standartlara cavab verən tələbə evinin tutumu cəmi 220 nəfərdir. Nəzərə alsaq ki, hazırda universitetdə 20 minə yaxın tələbə təhsil alır. Amma bu yataqxana tutum stansartlarında sinifdə qalır. Yataqxana ərazisində köhnə illərdən qalan bu uçuq-sökük bina da əsaslı təmir olunsa, tələbələrin dadına çatar. Amma universitetdən verilən məlumatdan belə aydın oldu ki, hələlik belə bir planları yoxdur.

 

Universitetin yataqxanasında qalmaq üçünsə hər ay 75 manat ödəməliyik.

 

Növbəti yataqxana Azərbaycan Tibb Universitetinin yataqxanasıdır.

 

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov deyir ki, Tibb Universitetinin 5 yataqxanası var: “Bunlardan 1, 2, 5, 6 sayılı yataqxanalar hazırda fəaliyyət göstərir. Bizim 3 sayılı yataqxanamız təmirə bağlanıbdır. Bir neçə aya artıq təmir prossesləri başlayır. Həmin yataqxananın tutumu hardasa 200 nəfər civarında olacaq”.

 

Qeyd edək ki, hazırda ATU-də 7270 tələbə təhsil alır. 4 yataqxananı birlikdə ümumi tutumu isə 973 nəfərdir. Tibb Universitetində yataqxana haqqı otağın tutumundan asılı olaraq, 50-80 manat arası dəyişir.

 

Digər üz tutduğumuz ünvan isə özü Nəsimi, yataqxanası isə Yasamal rayonunda yerləşən Azərbaycan Dillər Universitetidir.  

 

Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova isə bildirir ki, yataqxanamızda 101 otaq var: “Yataqxananın tutumu 205 tələbəni yerləşdirəcək qədərdir. Yataqxanada su, qaz, işıq daimidir. Tələbənin qalması üçün hər bir şərait var”.

 

Tələbənin qalması üçün hər bir şəraitin olduğu deyilsə də, təəssüf ki, gördüklərimiz bunu deməyə əsas vermir. Köhnə tikilidə yerləşən bu yataqxana həm məsafə, həm də şərait cəhətdən əlverişli deyil. Həmçinin bura təkcə qız tələbələrin qalması üçün nəzərdə tutulub.

 

Binanın nə zaman əsaslı təmir olunacağı, nə zaman tam şəkildə tələbələrin istifadəsinə veriləcəyi barədə isə məlumat yoxdur. Burada qalmaq üçün hər tələbə aylıq 20 manat ödəməlidir.

 

Təhsil eksperti Kamran Əsədov deyir ki, universitetlərin yataqxana problemi Birinci Qarabağ müharibəsi ərəfəsində başlayıb: “Biz baxırıq ki, Azərbaycanın 90-cı illərində ADMİU-nun, AzTU-nun, BDU-nun, DİA-nın, ADPU-nun çox böyük yataqxanaları var. Hətta bütün tələbələri əhatə etmək imkanına malik tutumda yataqxanalarımız vardı. Amma Qarabağ müharibəsindən sonra yaranan problemlər həmin yataqxanaları yararsız hala salıb. Qeyd edim ki, tələbələrin kirayələrdə qalması həm tələbənin təhlükəsizliyi, həm də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.

 

Təhsil eksperti Səbuhi Abdullayev də təsdiqləyir ki, universitetlərdə tələbə sayı ilə yataqxana tutumu qətiyyən uyğunlaşmır: “Əksər universitetlərdə yataqxana yerlərinin olmaması və eyni zamanda məcburi köçkünlərin də orda hələ ki qalmaları həmin yataqxanalara tələbələrin getməsinə kifayət qədər əngəl yaradır. Bu zaman valideynlərin üzərinə çox yük düşür. Aztəminatlı ailələrin yataqxana xərcinin minimuma endirilməsi həmin valideynlər üçün çox böyük təkan ola bilər. Eyni zamanda tələbələrin təhsilinə də böyük təsir göstərər. Xüsusən vurğulamaq istərdim ki, aztəminatlı ailələrin övladları təhsil ala-ala məcbur olurlar o yataqxananın xərclərini  qaşılamaq üçün dərsdən sonra, xüsusilə axşam saatlarında ofisiantlıq kimi işlərdə çalışsınlar. Bu da onların təhsilinə birbaşa mənfi təsirini göstərir”.

 

Ekspertlərin fikrincə, hazırda ölkədə 250 mindən çox tələbə və magistr təhsil alsa da, yataqxanalardan yararlananların sayı 2 mini keçmir. Qeyd edək ki, yataqxanada qalmaq üçün tələbələr rektorun adına ərizə yazmalı, ehtiyaclarını əsaslandırmalıdırlar.

 

Aysel Əliyeva,

Kamran Namazov,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR