Bakıda yüzlərlə binanın tikintisi niyə yarımçıq qalıb?

# 15:59
12 yanvar 2022

Gördüyünüz bu kadrları Sabunçu rayonu ərazisində lentə almışıq. Maştağa-Zabrat körpüsünün solunda yerləşən bu binadan hər kəs xəbərdardır. Maraqlıdır ki, binanın birinci mərtəbəsi tam olaraq gölməçənin içərisindədir. Buna baxmayaraq, binada artıq sakinlər məskunlaşıb. Müsahibədən imtina edən, ancaq şifahi məlumat verən sakinlər deyir ki, binanın yalnız bir giriş bloku var. Komendant isə yalnız axşam saatlarında olur. Bundan başqa, sakinlərin artıq illərdir yaşadığı bu bina yarımtikili olub, sonradan üzərində mərtəbələr ucaldıldığından onlar mavi yanacaqla təmin olunmayıb. Yalnız işıq xətləri var, hətta binaya internet belə verilmir.

 

Binanın giriş qapısından içəri daxil oluruq. Komendantın otağı bağlıdır. Binada təhlükəsizliyə riayət edən heç kimsə ilə qarşılaşmadan bura daxil olmuşuq. Hətta təhlükəsizlik kameraları belə yoxdur. Binanın işıq təminatı otağının giriş qapısı belə taybatay açıqdır. İşıq xətlərinin yerləşdiyi binanın zirzəmisi döşəməyə qədər suyun içərisindədir. Beləliklə qarşımıza heç kim çıxmasa da, qərara aldıq ki, sakinlər yaşayan mərtəbələrə baş çəkək. Yalnız 7-ci mərtəbədə yaşayan sakinlərin qapısını döydük. Qapını üzümüzə açan olmadı... Nəzərə alsaq ki, elə çəkilişimizə də məhz sakinlərin şikayəti əsasında gəlmişik, buna baxmayaraq, müsahibə verən olmadı.

 

Öyrəndik ki, bu bina 2008-ci ildən layihələndirilib. Ətrafında başqa binalar da tikilməli, ərazi şəhərciyə çevrilməli imiş.

 

Dəmiryol xətti və yüksək gərginlikli elektrik xətlərinin yanında əsası qoyulan binanın bir neçə mərtəbəsi tikildikdən sonra isə şirkət müflis olub, inşaat işləri dayanıb.

Bəzi sakinlər isə icazə olmasa da, aldıqları mənzillərə köçməyə məcbur qalıblar.

Sabunçu Rayon İcra Hakimiyyətinin məsul şəxsi Müslüm Mahmudov bildirdi ki, dövlətin balansında olmayan yarımçıq tikililərlə görə İcra Hakimiyyəti heç bir məsuliyyət daşımır. Hətta hökumətin balansında olan yarımçıq tikililərə görə də məsuliyyəti işi icra edən şirkətlər daşıyır.

 

Bundan sonra üz tutduq Zabrat rayon bələdiyyəsinə. Bələdiyyə sədrini görə bilmədik. Bələdiyyənin məsul şəxsləri bildirdilər ki, sözügedən bina Maştağa bələdiyyəsinin ərazisi hesab olub.

 

Maştağa bələdiyyəsində də nə sədri, nə də müavinləri iş yerində tapa bilmədik. Bələdiyyənin əməkdaşları isə bildirdilər ki, həmin binanın onlara dəxili yoxdur. Onların sözünə görə, binanın ucaldıldığı ərazi Maştağa bələdiyyəsinin ərazisi deyil, əksi olsaydı, sakinlər ildə bir dəfə vergi ödəməli idilər.

 

Beləliklə gözdən o qədər də uzaq olmayan, amma könüllərdən iraq olan bu yarımtikiliyə sahib çıxan tapılmadı.

 

Yolüstü rayon ərazisində tikintisi yarıda qalan, kənardan iaşə obyektini xatırladan bir yarımtikili ilə də rastlaşdıq. Maraqlandıq, obyektin sahibi tapılmadı. Ərazidə yaşayanlardan öyrəndik ki, illərdir bu tikili də yarımçıq saxlanılıb, nə tikən var, nə də sökən.

 

Bu bir gerçəkdir ki, Bakıda çox sayda tikintisi yarımçıq qalan binalar var. Bu tikililər illərlə aşınmaya məruz qalır, zirzəmiləri qurunt sularla dolur, binaların özülləri kəskin formada zəifləyir.

 

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımovun sözlərinə görə, tikintisi yarımçıq qalan binaların tamamlanmaması onları potensial təhlükə mənbəyinə çevirir.

 

Mütəxəssis bildirdi ki, binalar bir neçə səbəbdən aşınmaya məruz qalaraq dağılır: "Yarımçıq tikilini uzağı 2-5 il ərzində istifadəyə vermədən saxlamaq olar. Sonradan isə həmin bina daxili və xarici amillərin təsiri nəticəsində aşınmaya məruz qalır və dağılır. Belə ki, qış fəslində soyuq və şaxtalı hava, yağış və qar bir çox hallarda belə binaların dayanıqlığına ciddi təsir göstərir, onların ömrünü qısaldır. Bu da həmin tikililərin aşınmasını sürətləndirir, uçub dağılma ehtimalını artırır. Bu səbəbdən yarımçıq bina probleminin həllinin sürətləndirilməsi olduqca vacibdir".

 

Ekspert problemin həlli yollarına da toxundu. Bu sahədə xarici təcrübənin öyrənilməsinə də ehtiyac olduğunu vurğuladı.

 

Nüsrət Qasımov qeyd etdi ki, yarımçıq qalmış binaların dövlət tərəfindən müsadirə olunması qanunvericiliyə ziddir. Çünki bu, sahibkarlıq subyektinə qarşı təzyiq hesab edilir. Onların taleyi istənilən halda ikitərəfli razılaşma əsasında həll olunmalıdır. Çünki həmin binalar şəxsi mülkiyyətdir. Azərbaycanda bazar münasibətləri formalaşdığından yarımçıq binalarla bağlı administrativ idarəetmə formalarına əl atmaq düzgün olmazdı. Lakin dövlət də əhalinin keyfiyyətli mənzillərdə yaşamasında maraqlıdır.

 

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Bakı şəhərində və ölkə ərazisində yarımçıq tikililərlə bağlı ciddi problem var.

 

“Burda məsələ təkcə iqtisadi deyil, həm də mülkiyyət məsələsidir” deyən Natiq Cəfərlinin sözlərinə görə, bu tikililərin əksəriyyəti sahibkarlıq subyektidir və dövlətin məsələyə müdaxiləsi problemə çevrilir.

 

Ekspert hesab edir ki, bunun yeganə həlli yolu məhkəmədir: “Əgər dövlət özəl sektora aid olan hansısa bir sahibkara aid olan binanın uzun zaman tikilmədiyini nəzərə alaraq, şəhərin təhlükəsizliyini, arxitekturasını nəzərə alaraq, problemin həlli məhkəməyə daşınmalıdır. Məhkəmə qərarı ilə müəyyən kompensasiyaların ödənilməsi şərtilə həmin tikililərin sökülməsi mümkün ola bilər. Yarımçıq qalmış dövlət binaları ilə isə Nazirlər Kabinetinin qərarı ilə yenidən tikintinin aparılması üçün vəsait ayrılmalı və yaxud da onların sökülməsi ilə bağlı qərar verilməlidir. Yəni problemin kökündə mülkiyyət məsəllələrinin həlli dayanır”.

 

Ekspertlərin fikrincə, həm qanunvericilikdə, həm də icraatda konkretləşdirilmələr aparılandan sonra yarımçıq tikili problemi də aradan qalxmış olacaq.

 

Sevinc Vaqifqızı,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR