“Bir qram antibiotiklə xəstənin həyatına son qoya bilərik” - HƏKİMLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ

# 17:17
26 noyabr 2021

Paytaxt sakini Rita Əliyeva 20 günlük nəvəsinə antibiotik iynə vurulduqdan sonra uşağın qulağının eşitmədiyini, indi aparatla gəzdiyini bildirir.

 

Yəqin ki, antibiotiklərin mənfi təsirləri ilə bağlı sizlər də ya eşitmisiniz, ya da qarşılaşmısınız. Çünki COVID-19 pandemiyası dövründə antibiotiklərin qəbulu artıb. Hələ mövsümi qriplə bağlı həkimə müraciət etdiyimizdə bizə müalicə üçün yazılan antibiotikləri nəzərə almırıq.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərin təxminən 50%-i düzgün təyinatla istifadə olunmur, nəticədə antibiotiklərə qarşı rezistentlik halları artmaqda davam edir. 2050-ci ilədək bu rəqəmin on milyona yaxınlaşacağı gözlənilir.

 

Elə apardığımız sorğu zamanı da aydın oldu ki, vətəndaşların əksəriyyəti antibiotiklərdən istifadə etdiyini deyir.

 

Həkim terapevt Arzu Hüseynova bildirir ki, pasientə xəstəliyin ilk günlərindən antibiotikin  təyin olunması birmənalı şəkildə yanlışdır. Eyni zamanda, göstəriş olmadan təyin olunan antibiotiklər pasientdə süni olaraq rezistentlik yaradır: “Antibiotiki təyin edərkən tərəziyə qoymaq lazımdır. Bu xəstəlik xəstəyə daha çox ziyan verir, yoxsa antibiotik. Təbii ki, hamımız təyin edirik, xüsusən də bu dövrdə COVID 19- un yayıldığı bir dönəmdə. Əgər prosesə bakterial infeksiya qoşulubsa o zaman təyin etmək lazımdır antibiotiki. Hər hansı antibiotiki təyin edərkən mütləq bakteriyalar aşkar olunmalıdır. Antibiotikə qarşı həssaslıq bilindikdən sonra təyin olunmalıdır”.

 

Terapevtin sözlərinə görə, hər bir antibiotik qrupunun öz patoloji prosesləri var. Bəs antibiotiklər nə zaman qəbul olunmalıdır? “Bəzən yıxırıq həkimlərin üstünə, amma xəstələr özü, qonşu istifadə elədi bu antibiotikdən sağaldı. Bu o qədər seçici olmalıdır ki, biz 1 qram antibiotiklə xəstənin həyatına son qoya bilərik. Bütün antibiotiklərə sınaq qoyulmalıdır. Xəstə desə belə, mən bir il bundan qabaq istifadə eləmişəm. Yenə də mütləq sınaq qoyulmalıdır, sonra vurulmalıdır”.

 

Həkim pasientlərin pərakəndə şəkildə antibiotikləri qəbul etdikləri halda yalnız mənfi təsirlərini görəcəklərini deyir. Həmçinin yanlış antibiotik istifadəsi, həzm sistemini pozur və ishal yaradır. Təyinatsız qəbul olunan antibiotiklər bəzən orqanizmimizdə bizə lazım olan bakteriyaları da məhv edir ki, bu da immun sistemini zəiflədir.

 

Nərmin Murad,

Xəyal İsgəndərov,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR