Birinci Qarabağ müharibəsində patron daşıyan Qarabağ atları - REPORTAJ

# 10:34
27 may 2021

Şöhrəti bütün dünyaya yayılan Qarabağ atları da vətənə dönəcəyi günü gözləyir.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Azərbaycanın mənəvi incisi hesab olunan Qarabağ at cinsi 17-18-ci əsrlərdə Qarabağ xanlığı dövründə daha da şöhrət qazanıb.

 

Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb.

 

Birinci Qarabağ savaşında Qarabağ atlarının misilsiz xidməti olub. Qarabağ Atçılıq Mərkəzinin məşq bölməsinin rəisi Natiq Orucov deyir ki, dağlarda gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbçilərinə patron daşıyan atlar da ermənilərin gülləsinə tuş gəlib: “1992-ci ildə mənim məşq bölməmdə olan Səfil və Serat ləqəbli atları dağlıq əraziyə patron daşımaq üçün hərbçilərə verdik. Aylarla onlara xidmət etdi. Ermənilər həmin atlardan birini güllə ilə vuraraq öldürdü”.

 

Ermənilərin Qarabağ torpaqlarını işğal etməsi Qarabağ atlarının həyatına təsirsiz ötüşməyib. Müsahibimizin sözlərinə görə, düşmənin Qarabağ atlarına sahib çıxmasının qarşısını almaq üçün bu atları döyüş gedən ərazilərdən uzaqlaşdırılıb: “Torpaqlarımız işğal olunanda orda at qalmadı, hamısını çıxartdılar. Sağ olsunlar, Qədirov Kamil, Həsənov Xosrov, Əkbərov Abbas və Əhmədov Sabir atları çıxartdılar. İndi gözləyirik torpaqlar minalardan təmizlənsin, gedəcəyik o yerlərə. Bizim geri qayıdışımız insanlarla bərabər, həm də Qarabağ atlarının inkişafına xeyri olacaq. Onların artımında, dünya bazarına çıxmasında dövlətimizə çox böyük xeyri dəyəcək”.

 

İdman ustası Natiq Orucov istər ölkə, istərsə də dünyada keçirilən 300-dən çox at yarışında Qarabağ atları ilə müxtəlif nailiyyətlər qazanıb. O, Azərbaycan dövlətinin Qarabağ atlarına göstərdiyi diqqətin dünyanın heç bir dövlətində olmadığını deyir. 2013-cü ilin dekabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması birbaşa Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə olub. Gələcək illərdə bu uğurların sayı daha da çox olacaq. Çünki artıq Qarabağ atlarının da dədə-baba torpaqları düşmən işğalından azad olunub.

 

Habil Aslanoğlu,

Arzu Quliyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR