Deputatlar dinlə bağlı bir sıra təkliflər irəli sürüblər

# 18:16
4 may 2021

““Dini etiqad azadlığı haqqında” qanunla bağlı bir neçə məqam gələcəkdə bizim üçün ümumi narahatlıq yarada bilər”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

 

Onun sözlərinə görə, ölkədə 970 dini qurum qeydiyyatdan keçib, onlardan 37-si qeyri-islam təşkilatıdır: “Azərbaycanda 2463 məscid var. Hər bir məsciddə icmalar olmalıdır ki, orada gedən proseslərdə icma iştirak edə bilsin. İcmaların yaradılması üçün 50 nəfərin olmasını tələb kimi qoymuşuq. Biz onları ya qeydiyyata almalıyıq, ya da ümumilikdə qeydiyyata almadan, başqa forma düşünməliyik. Azərbaycanda 765 pir var. Bunların hər birində icmanın olması tələbi var. Onların qeydiyyata alınmasında problemlər yaranır. Bir sıra pirlər, o cümlədən məscidlər nə QMİ, nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, nə də yerli icra hakimiyyəti orqanları ilə əlaqə qurur. O ərazilərdə dindən başqa məqsədlər üçün istifadə edilir”.

 

Deputat Hikmət Babaoğlu isə təklif edib ki, İlahiyyat İnstitutuna qəbul üçün bakalavr baza təhsili olan məzunlar seçilsin: “Din hər şeydən əvvəl ilahiyyat və fəlsəfi amildir. Təklif edirəm ki, dini təhsilə dair tələblər artırılsın. İlahiyyat İnstitutuna qəbul balı da artırılmalıdır”.

 

Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, ermənilər hər şeydən əlləri üzüləndə dini abidələrin qorunması məsələsində Azərbaycana cəbhə açırlar: “Bizim dağıdılan dini abidələrimiz müzakirə edilmir. Ancaq yarısı bizim olan, ermənilərin olduğu iddia edilən kilsələrin dağıntısı dünya ictimaiyyətinin müzakirə mövzusu olur. Dünyada ikili standartlar hər zaman olub. Yaxşı söz var. “Din qılıncdır, dövlət qındır”. Dövlət də gərək o qılıncı qında qorusun, qılınc qını kəsməsin. Biz Azərbaycanın milli maraqlarının təmin olunmasına çalışmalıyıq. Təəssüf ki, məscidlərimizdəki mollaların bir çoxu oranı qonşu ölkələrin təbliğat meydanına çeviriblər. Elə bil Azərbaycanın öz dərdi yoxdur, onlar ancaq ərəb və fars mifologiyasının təbliğatı ilə məşğul olur. Din xadimlərinin seçilməsinə ciddi yanaşılmalıdır. Ziyalılarımız da yüksək səviyyədə öz dinimizə sahib çıxmalıdır”.

 

Vitse-spiker Fəzail İbrahimli isə bildirib ki, bütün mənfilikləri mollaların üzərinə atmaq doğru deyil: “Genetik kodu mənfi olan molla da, icra başçısı da eyni hadisələri edir. Prezident İlham Əliyev bütün rayonun məsuliyyətini icra başçısının üzərinə qoyur, ancaq o icra başçısı hansı əməlləri edir? Bu yaxınlarda nə qədər icra başçısı həbs edildi, nə qədər baş həkim həbs edildi?”

 

Spiker Sahibə Qafarova isə bildirib ki, deputatların təkliflərini də nəzərə almaq lazımdır. Müvafiq qurumlar da dini təhsillə bağlı deputatların təkliflərinə baxsa, yaxşı olar.

 

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR