Ermənistan üzərindən uçuşlar bölgədə nələri dəyişəcək?

# 20:13
6 oktyabr 2021

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) bu gündən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysləri Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməklə yerinə yetirməyə başladığını elan edib və bu artıq Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı sayıla bilər”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin üzvü , deputat Arzu Nağıyev APA TV-yə müsahibəsində belə deyib.

 

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra əldə olunmuş razılığın əsas müddəalarından biri də kommunikasiyaların açılmasıdır: “Ermənistan öz hava məkanını Azərbaycan üçün verirsə və AZAL artıq uçuşların başlaması ilə bağlı qərarını açıqlayıbsa  bu aparılan danışıqların getməsi ilə bağlı bir işartıdır. Son günlər Prezident İlham Əliyev də öz çıxışlarında qeyd edib ki,  qalib və diktə edən tərəf kimi  ermənilərlə danışığa getməyə, eyni zamanda sülh sazişinin imzalanmasına da hazırıq. Əsas məqam ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, delimitasiya, demarkasiya getməli, kommunikasiyaların açılmasına razılığını verməlidir”.

 

Arzu Nağıyev qeyd edib ki, bu addım həm də Ermənistanın özünə bir mənalı şəkildə lazımdır. Çünki  ermənilər Rusiya və Gürcüstan tərəfdən yükdaşıma proseslərində ciddi problemlərlə üzləşir.

 

İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin tədricən qurulması çox mühüm addımdır. 10 noyabr bəyannaməsində də kommunikasiyaların açılması ən önəmli məqamlardan biri kimi qeyd olunub: “Ermənistan üzərindən Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında hava nəqliyyatının reallaşdırılmasını biz məhz kommunikasiyaların açılması istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. Eyni zamanda Azərbaycan iqtisadiyyatının inkişafının dayanıqlılığı nöqteyi-nəzərindən də olduqca mühümdür. Çünki, uzun illər ərzində Naxçıvanın Azərbaycanın qalan hissəsi  ilə iqtisadi münasibətlərinin reallaşdırılmasında böyük problemlər vardı və düşünürəm ki, Ermənistan üzərindən bu əlaqələrin formalaşdırılması Azərbaycan iqtisadiyyatının tarazlı inkişafına öz təsirini göstərəcək”.

 

Elşad Məmmədov onu da əlavə edib ki, bu addım bölgə iqtisadiyyatın inkişafı baxımından da çox əhəmiyyətlidir.

 

“Nəzərə almaq lazımdır ki, reallaşdırılan iqtisadi inkişafla bağlı olan məsələlər, bölgədə cərəyan edən proseslər onu deməyə əsas verir ki, regionda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşır” – deyən Elşad Məmmədov qeyd edib ki, region kifayət qədər iqtisadi, sosial, humanitar inkişaf nöqteyi-nəzərindən qabaqlayıcı imkanlar əldə edə bilər.

 

Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, tərəflərin bu imkandan istifadə etməsi həm regional təhlükəsizliyə, həm münasibətlərin normallaşmasına töhfə verir, həm də bunun iqtisadi dividentləri var.

 

Hərbi ekspert bildirib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına uyğun olaraq artıq regionun hava məkanı və hava dəhlizləri bütün uçuşlar üçün açıq elan olunub: “Müharibə bitdiyinə görə , artıq regionun aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Azərbaycan beynəlxalq konvensiyaya uyğun olaraq Zəngəzur dəhlizi üzərindəki hava məkanından da istifadə etməklə uçuşlar həyata keçirir. Bu eyni zamanda bizim regionda bütün kommunikasiyaların açılmasının növbəti nümunəsi hesab oluna bilər. Ermənistan özü də bu əlaqələrin bərpa olunmasında kommunikasiyaların açılması sahəsində tranzit ölkələrdən birinə çevriləcək”.

 

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişərək, Ermənistan üzərindən yerinə yetirilməsi uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Ermənistan mülki aviasiyasının da eyni qaydada Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə etməsi bu ölkə üçün daha əlverişlidir.

 

 

Sevinc Vaqifqızı,

Samir  Qarağözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR