İşğaldan azad olunan şəhərlər necə olacaq? – İnsan heyran olur

# 20:59
6 oktyabr 2022

ADA Universitetində Azərbaycan Milli Şəhərsalma Forumu mədəni, ekoloji və iqtisadi mövzularda sessiyalarla davam etdirilib.

 

APA TV xəbər verir ki, forumun ikinci günündə şəhərlərin ekoloji cəhətdən davamlı inkişafı, mədəni və tarixi irsin münaqişədən sonra bərpası, "ağıllı" və "yaşıl" yeniliklərə doğru, "yaşıl iqtisadiyyat" kimi mövzulara toxunuldu, bu istiqamətlərdə müzakirələr aparıldı.

 

İlk olaraq çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Bakı Bulvarı ərazisinin 2040-cı ilə qədər genişləndirilməsi, paytaxtda yaşıllıqların sahəsinin, təxminən, 3-4 dəfə artırılması nəzərdə tutulur. O əlavə edib ki, Paytaxtın yeni Baş Planı çərçivəsində bulvarın uzunluğu 25 km-dən çox olacaq və Bakıda yaşıllıq sahəsi 920 hektardan 3169 hektara çatdırılacaq.

Nazir müavini çıxışında işğaldan azad olunmuş ərazilərdə ekologiyanın bərpası istiqamətlərində planlı işlərin davam etdirildiyini də söyləyib.

 

 “Azərbaycan evlərinə qayıdan keçmiş məcburi köçkünlər üçün rahat, təhlükəsiz və davamlı həyat təmin etməyi qarşısına məqsəd qoyub”.

Bu fikri isə forumda çıxış edən İsveçrənin “sa_partners” şirkətinin təsisçi tərəfdaşı Dunya Kovari deyib.

 

O qeyd edib ki, Zəngilanın Baş Planı tərtib edilərkən onun yaşıl şəhər olmasına diqqət yetirilib və buranın gələcəkdə park-şəhər olması planlaşdırılır.

Kovarinin sözlərinə görə, Kəlbəcərin Baş Planı hazırlanarkən isə turizm sahəsi əsas diqqət mərkəzində olub və bildirib ki, şəhər hərəkətli və idman həyat tərzinə uyğun olmalıdır.

“Sa_partners” şirkətinin təsisçi tərəfdaşı Qubadlının Baş Planı hazırlanarkən şəhərin landşaftının nəzərə alındığını deyib və əlavə edib ki, şəhərin konsepsiyasının əsas prioriteti gölməçələr, göllər və yaşıl-mavi çalarlardan ibarət olacaq.

 

"Azərbaycan enerji ölkəsi olaraq fəaliyyətini davam etdirəcək, bərpa olunan mənbələrdən (alternativ) enerji ilə yalnız özünü deyil, qonşu ölkələri də təmin edəcək". Bu fikri isə energetika nazirinin müavini Elnur Soltanov deyib. O qeyd edib ki, Azərbaycanın 157 giqavat ofşor, 3000 meqavat külək, 23040 meqavat isə günəş enerjisi potensialı var.

 

Forumda iştirak edən Polşa Şəhərsalma Mütəxəssisləri Cəmiyyətinin rəhbəri Tomas Mayda da işğaldan azad olunmuş ərazilərdə dağıntılar miqyasının böyük olduğunu qeyd edib. Onu sözlərinə görə, dağıntıların miqyası böyükdür və bu əraziləri bərpa etmək üçün prioritetləri müəyyənləşdirmək lazımdır.

 

Qeyd edək ki, Milli Şəhərsalma Forumunun Bakıda keçirilən tədbiri 4 sessiyadan, Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı, Mədəni və tarixi irsin post-konflikt dövründə bərpası, Daha ağıllı, daha yaşıl insan məskənlərinə doğru – innovasiyalar fəaliyyətdə və   Dairəvi yaşıl iqtisadiyyat sessiyalardan ibarət olub.

 

Xatırladaq ki, keçirilən ilk Milli Şəhərsalma Forumunda məqsəd 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

 

44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400-dən çox iştirakçının qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsini nəzərdə tutan platformadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR