Küçə həyatı yaşayan uşaqlara dəstək verilirmi?

# 19:44
13 noyabr 2021

Ailə ictimai-siyasi həyatın bütün sahələrinə təsir göstərən sosial və mədəni institut kimi,  minilliklər boyu bəşər sivilizasiyasının davamçısı,  mənəvi dəyərlərin transformatoru rolunu oynayır.

 

Ailə həm də milli, ictimai həyatın əsas nailiyyətləri, çətinlikləri, ziddiyyətlərini özündə əks etdirir və sosial həyata təsir elementi kimi şəxsiyyətin formalaşmasında həlledici rol oynayır.

 

Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident  Mehriban Əliyevanın İsmayıllıda açılışını etdiyi Uşaq və Ailələrə Dəstək Mərkəzində olduq.

 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən media turun məqsədi mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olmaq idi.

 

Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binası 10 gündür ki, açılıb, amma mərkəz 10 ildir fəaliyyət göstərir.

 

İndiyədək bu mərkəzə 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fəaliyyətindən yararlanıb.

 

2021-ci ilin 9 ayı ərzində isə 522 nəfər mərkəzin fəaliyyətindən bəhrələnib. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var. Bundan əlavə, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün müvafiq şərait yaradılıb.

 

Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva deyir ki, Bakı şəhəri də daxil olmaqla 11 mərkəz var: “İsmayıllı mərkəzimiz ikinci tam böyük formada tikilib istifadəyə verilən mərkəzimizdir. Ümumiyyətlə mərkəzin əsas fəaliyyət istiqaməti risk qruplu, eyni zamanda bütün ailələr üçün araşdırılaraq onların ilkin psixo-sosial qiymətləndirilməsini apararaq icmada mövcud olan xidmətlərə yönəltməkdir. İlkin formada mərkəzdə fəaliyyət göstərən mövcud olan xidmətlərə cəlb etməkdir”.

 

“Müraciət edənlər varmı?

 

- Bəli, müraciətlər çoxdur. Yəni həm Bakı, həm də bölgələrdə bu tipli mərkəzlərin olmasını istəyənlərin sayı da çoxdur. İsmayıllının mərkəzindəki bu mərkəz də artıq ailə mərkəzidir. Bilirsiniz necədir, bura ailələr rahatlıqla üz tutub, istədikləri istiqamət üzrə dəstək ala biləcəklər. Ən əsası uşaqlar üçün də müxtəlif istiqamətli dəstək var və artıq mütəxəssislər də cəlb olunub. Sosial işçi və psixoloq heyəti böyük bir komanda olmasa da ortaya sözün əsl mənasında iş qoymağı bacaracaqlar”.

 

Ailələrdə böyüyən uşaqlarla yanaşı, bu gün heç kimə sirr deyil ki, küçə həyatı yaşayan və işləyən uşaqlar da var. Maraqlıdır istər Bakıda, istərsə də bölgələrdə fəaliyyət göstərən bu mərkəzlərdən onlar da faydalana bilirmi?

 

“Bəli, müxtəlif qrup uşaqlar var. Yəni küçədə yaşayan və işləyən. Onlarla komitə vasitəsi ilə daxili işlər orqanları ilə birgə işləyirik.

 

- Uşaq əməyinin istismar edilməsi halları ilə necə mübarizə aparılır?

 

Bu hallarla da qarşılaşırıq. Bu qanunvericiliklə də tənzimlənir. Əgər valideyn bu gün azyaşlı övladını küçəyə işləməyə göndərirsə bu valideyn məsuliyyətsizliyidir. Əgər valideynin maddi durumu buna imkan vermirsə, məcburdursa dövlətin sosial müdafiə mexanizmlərinə müraciət etməlidir”.

 

Müasir sosial-psixoloji tədqiqatlar ailə institutunu doğumun azalması, ailələrin sabit olmaması, boşanmaların artması, doğumdan imtinanın, ailəsiz uşaqların sayının durmadan artması və s. kimi problemlərin fonunda böhran yaşamasını sübut edir. Qlobal miqyasda gedən bu tendensiyanın Azərbaycanda təsirinin azalması üçün, ailə institutu və dəyərlərin qorunması üçün cəmiyyət və dövlət  institutları məsuliyyətli olmalı və birgə aktiv çalışmalıdırlar.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  məhz dövlətin ailə siyasətinin uğurla həyata keçməsi üçün Uşaq və Ailələrə Dəstək Mərkəzləri formalaşdırır.

 

Sevinc Vaqifqızı,

Xəyal İsgəndərov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR