Laçını görənlər tanımayacaq: Bu cür evlər heç yerdə yoxdu

# 15:49
3 aprel 2023

Bu Laçına ikinci gəlişimdi. İlk səfərimdə hələ şəhər işğalçı ünsürlərdən tam təmizlənməmişdi. Ha yana baxırdın yarım-yapalaq tikililər, dağılmış yollar, ətrafa yağmaçı gözü ilə baxan nimdaş geyimli erməni görürdün. Bu dəfə isə tam başqa mənzərə ilə rastlaşdım. Laçınlı kameramanımız Fariz Quluyev kamerasını sazlayarkən, bir kənarda dayanıb gördüklərimi, eşitdiklərimi analiz etməyə başladım. Bəzilərini sizinlə də bölüşüm.

  • Uşaqlar Kəlbəcərdədi, materiala gediblər, gəlsinlər növbəti işləri görək.
  • Qubadlıdan gələn maşını kim qarşıladı? Növbəti maşın da yoldadı, Cəbrayıldadı, gəlir, az qalıb.
  • Şəhərin girişindəki ağacları sulamaq hansı qrupun növbəsidi?
  • Evlərə şitillər gətirilib, göstəriş verin başlasınlar...
  • Zəngilana gedənlər qayıdıblar, nahar edirlər.

Sanki zaman portalından keçib gəlmişəm. İllərdir “Qan yaddaşımız” deyib işğal tarixlərini əzbərlədiyimiz torpaqlarımızdayıq. Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər deyir hamı. Bu hissləri yaşamaq hər bir azərbaycanlının arzusu idi. Dərindən nəfəs alıb, şəhidlərimizi yad etdim. Allah onlara rəhmət eləsin... Qazilərimizə də can sağlığı versin.

Qayıdaq şəhərdəki quruculuğa. Təsəvvür edirsiniz? Bir şəhər tikilir, bir şəhər sıfırdan qurulur. Hər binada, hər evdə işçi qrupları var. Şəhərdəki quruculuqda azı 4500 nəfər çalışır. Onlara çalışır desəm, bəlkə də gördükləri mübarək işləri  kiçiltmiş olaram. Heç kim dayanmır, yorulmaq bilmir, hamı tələsir. Axı, ilin sonuna kimi şəhər sakinləri 28 ildir həsrətində olduqları yurdlarını görmək, doğulduqları bu torpaqların havasını udmaq, sərin bulaqlarından su içmək istəyirlər. Yetkililərin verdikləri məlumata görə, şəhərə böyük qayıdış bir neçə mərhələdə reallaşacaq. Birinci mərhələdə 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Səkkiz yaşayış binası yenidən qurulur, 40-a yaxın ictimai binanın inşası davam edir. Xüsusi vurğulamaq yerinə düşər ki, şəhər ən son standarlara cavab verən şəhərsalma təcrübəsi ilə yenilənir. Laçınlılar dədə-baba torpaqlarına qayıtmaqla həm də müasir evlərdə yaşamağın həzzini yaşayacaqlar. Şəhərdə su təchizatı da yenilənib. Belə ki, 13 kilometr uzunluğunda su xətləri çəkilib, ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub, elektrik xətləri çəkilib, 50 km-dən çox daxili yollar yenidən qurulub. Eyni zamanda, xüsusi hallarda maşınlarla suyun daşınmasını təmin etmək üçün üç nöqtədə sudoldurucu qüllələr quraşdırılıb.

Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb ki, bu da 7 minə yaxın sakinin elektrik enerjisi ilə təminatı üçün nəzərdə tutulub.

Bakı Abadlıq Xidmətinin laçınlı memarı Elnur Abdullayev bildirdi ki, şəhərin yeraltı kommunikasiya xətləri ilə bağlı işlər yekunlaşıb. Evlərin dam örtüklərinin qoyulması artıq tamamlanmaq üzrədədir.

İşğal müddətində şəhərin yaşıllıq zonalarının ekoloji terrora məruz qaldığını da vurğulayan memar qeyd etdi ki, park layihələrində yaşıllıq zonalarının sıfırdan salınması işlərina də start verilib.

Zabux və Sus kəndləri də yenidən qurulur. Zabuxda 1000-dən çox, Susda 400-ə, Güləbirddə 2500-ə, Qorçu kəndində isə 1500-ə yaxın sakin məskunlaşacaq. Ümumilikdə Laçına birinci mərhələdə 10 000-ə yaxın keçmiş məcburi köçkünün yerləşdiriləcəyi planlaşdırılır.

Rayonun iqtisadi, eləcə də srateji əhəmiyyətini artırmaq üçün Qorçu kəndində inşası davam etdirilən beynəlxalq hava limanı 2025-ci ildə istifadəyə veriləcək. Bu liman bölgənin beynəlxalq statusunu artıracaq, sosial-iqtisadi inkişafına təkan verəcək, turizm və logistik mərkəzlərin yaradılmasına töhfə verəcək.

Fuad Sadıqov

Fariz Quliyev

APA TV Laçın

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR