Maşınların gizli xəzinəsi - ONLARI KİMLƏR VƏ NİYƏ OĞURLAYIR?

# 19:10
1 noyabr 2021

 “Kluşitel”in havasını, tüstüsünü boğandır. Havanın kirlənməsinə qarşı düzəldilib. Bu maşında da var. Tərkibində qızıl var. Ona görə oğurlayırlar”.

 

 “Məlumatım belədir ki, havanı təmiz saxlayır. Ekologiyanı qoruyur. Ona görə önəmlidir. Katalizatorun içində çox qiymətli bir şey var. Qızıl tərkiblidir. Qızıl mikrobu yığır. O hissəni söküb satırlar”.

 

 “Zəhərli havanı buraxmır çölə. Özündə saxlayır. “Euro-4” olan maşınlarda problem yaradır”.

 

 “Olması daha düzgündür. Olmayanda tüstüləyir, ekologiyaya ziyan vurur, belə şeylər var. Ətrafımda satanı da var, alanı da var. Tanıyıram. Elə, usta adından istifadə edib alan da var, satanı da”.

 

 

 “Yəqin ki, tərkibində dəyərli bir metal var. Mənə elə gəlir ki, hibrit “Toyota” avtomobilləri var ha, onların çoxunda yoxdur”. 

 

Yəqin ki, mövzunun nədən bəhs edəcəyini anladınız. Bəli bir çoxlarımızın qarşılaşdığı katalizator oğrularından danışacağıq. Maraqlıdır, görəsən niyə məhz bu ehtiyat hissəsinin oğurlanması geniş vüsət alıb?

 

 “Qızıldır, ağ qızıldır, platiniumdur. Belə, çox bahalı maddələr olduğuna görə baha qiymətə gedir. Sadəcə qiymətləri təzəlikcə düşdüyü üçün indi oğurluq halları da bir qədər azalıb”.

 

Lakin problem təkcə oğurluqla bitmir. Avtomobil sahibləri əksərən öz məlumatsızlıqlarının qurbanına çevrilir. Özünü usta kimi təqdim edən fırıldaqçılar bəzi sürücüləri bu detalın maşında önəmsiz bir parça olduğuna inandırıb onları aldadırlar. Zərərçəkən isə ancaq o vaxt ayılır ki, mühərrikin ömrü artıq bitmək üzrədir:

 

 “İstər oğurluq məsələsi, istərsə də katalizatorun olmamasının fəsadları haqqında qeyd edə biləcəyiniz bir şey varmı?”

 

 “Bəli, var. Maşını hər ustanın yanında qoymasınlar. Deməsinlər ki, “hə, bunu çıxart, yaxşı olacaq”. Onun yuyulduğu aparatlar var. Aparıb yudurdursan, əlli-altmış faiz xeyrinə gedir. Yəni, təmizlənir. Lap yaxşı da olur. Ancaq ehtiyac yoxdur onu çıxartdırmağa. Müəyyən vaxtdan sonra katalizatorun yoxluğu mühərrikin sonunu gətirir”.

 

Son günlər katalizator oğrularının sayının artdığını DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də təsdiq edir:

 

 “Son bir ildə katalizatorların avtomobillərdən sökülərək oğurlanması faktları çoxluq təşkil edir. Buna uyğun olaraq, daxil olan bütün müraciətlərə dərhal və çevik reaksiya verilməklə, həmin faktlar üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Burada məqsəd vətəndaşa dəymiş ziyanın ödənilməsini təmin etməkdir. Vətəndaşlara tövsiyə edirik ki, təhlükəsizlik, yaxud digər müşahidə kameralarının nəzarətindən kənarda saxlamasınlar. Birinci növbədə, vətəndaş öz əmlakına qarşı məsuliyyətli olmalıdır”.

 

Problemin qanunvericilik tərəflərindən ziyadə, vətəndaş ehtiyatsızlığının da yetərincə böyük önəm daşıdığını görürük. Doğrudur, gözdən uzaq, könüldən iraq ərazilərdə avtomobil saxlamağın səbəbləri bəzən özbaşınalıqları ilə məşhur olan BNA-nın tələsinə düşməmək də olur.

 

Bəs bu problemdən necə çıxış yolu tapaq? Nəqliyyat üzrə ekspert Elməddin Muradlı təklif edir ki, məsələnin yeganə həll üsulu təhlükəsizlik kameraları deyil. Axı ortada bir-iki nəfərdən yox, cinayətkar dəstələrdən söhbət gedir...

 

 “Katalizatorların oğurlanması ilə məşğul olan dəstələr var. Fərdi şəxslər də var ki, müxtəlif vasitələrlə katalizatorları oğurlayıb həmin şəxslərə satırlar. Hətta sizə deyim ki, müxtəlif məhəllələrdə, ərazilərdə qarajlar tikirlər, avtomobillərin texniki təmiri adı ilə.  Avto-yuma adı ilə xidmət göstərirlər və həmin məntəqələrdə sürücülərin başı qarışan kimi katalizatoru oğurlayırlar. Çox yaxşı haldır ki, polis bu şəbəkələrdən ən böyüklərini ifşa edib tutdu”.

 

Ekspertin sözlərinə görə, ümumən ehtiyat hissələrinin oğurlanması ilə mübarizədə ayrıca bir qurumun yaradılması ən uyğun seçimdir.

 

 “Ölkəyə gətirilən avtomobillərin katalizatorlarının olub-olmamasını gömrük yoxlamır. Çünki onun elə bir səlahiyyəti də yoxdur. Amma mən təklif edirəm ki, Gömrük komitəsinə belə bir səlahiyyət verilsin ki, ölkəyə buraxılan avtomobillərin bütün texniki parametrləri yoxlanılsın. Gömrük Komitəsinə, sərhədçilərə və dövlət yol polisi ilə birgə bir komissiyanın yaradılması ilə bir qurum formalaşdırmaq olar ki, onlar gömrük-keçid məntəqələrində avtomobilləri texniki cəhətdən yoxlaya bilsinlər”.

 

Doğrudur, hər kəs avtomobil ehtiyat hissələri üzrə mütəxəssis olmağa məcbur deyil. Lakin sahib olduqlarımızın dəyərini anlamaq üçün ən azı, məsuliyyət sarıdan peşəkar olmağa məcburuq.

 

 

Mir Çingiz Ağazadə

Xaqani Hüseynov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR