Meşələr öz-özünə necə yanır: faciə, yoxsa yenilənmə?

# 18:37
18 avqust 2021

Son illər dünyada meşələr güclü yanğınlarla mübarizə aparır.

 

APA TV xəbər verir ki, 2019-cu ildə Amazon meşələrində və bir çox ölkələrdə, həmçinin son 1 ayda Türkiyədə baş verən genişmiqyaslı yanğınlar onu göstərir ki, Azərbaycan da bu kimi ağır hadisələrdən sığorta olunmayıb. Bəzən təbiətin özünün şıltaqlığı, bəzən isə insan faktorunun olduğu bu yanğınlar hansı ağacları daha tez yandıra bilir və səbəbləri nələrdir?

 

Məsələnin mahiyyətini dəqiq öyrənmək üçün suallarımızı mütəxəssislərə ünvanladıq.

 

AMEA Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Fərzəliyev bildirir ki, dünyanın əksər ölkələrində yanğınların ən çox yayıldığı ərazilər iynə yarpaqlı meşələri olsa da, Azərbaycanda isə iynə yarpaqlı meşələr  ümumi meşələrin 2,3 faizini təşkil edir. Onun sözlərinə görə, bu meşələr Eldar oyuğunda, Eldar düzündə olan Eldar qoruğu, Türyançayda olan arid-landşaft tipini özündə hiss etdirən Ardıc meşələridir. İynə yarpaqlı meşələrdə alovların yayılmasının səbəbini Vahid Fərzəliyev belə izah edir: “İynəyarpaqlı meşələrin qurumuş iynə yarpaqları, quru qozaları yerə tökülür və müəyyən dövrdə də orada quruyur. Onlar yanma prosesində çox asanlıqla alovlana bilir. Onların tərkibində qətran və efir yağları olduğu üçün alovu söndürməkdə çətin olur”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ETSN yanında Bioloji Müttəfiqliyin Qorunması xidmətinin rəis müavini Arzu Səmədova isə qeyd edir ki, insan təsirindən də meşə yanğınları baş verə bilər. Onun sözlərinə görə, amma bəzi hallarda bunu da təbii amil hesab etmək olar.

 

Mütəxəssisin sözlərinə görə, yanğın ərazidəki şüşə qırıntılarından, sürtkü yağlarından və yaxud nəqliyyat vasitəsi yanacaqla doldurulursa yüksək temperaturdan, hətta bir kibrit çöpündən belə baş verə bilər. Arzu Səmədova yanğınların ciddi fəsadlarından da bəhs edərək bildirir ki, bu ekoloji sistemin məhvinə gətirib çıxardır: “Burada yalnız ağaclardan söhbət getmir, həm də torpaq qatından söhbət gedir. Torpağın üst münbit qatı-Homos qatı da yanır. Eyni zamanda meşələr heyvanlar üçün yaşayış məskənidir. Fauna növlərinə də ciddi ziyan dəyir. Bu ekosistemin ümumilikdə həm torpaq, həm bitki örtüyünə, həm də fauna elementlərinə birgə təsir göstərir və uzun bir müddət formalaşmış meşə ekosistemi məhv olur ”.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınlara nəzarət xidmətinin şöbə rəisi Elnur Babayev xüsusilə dağlıq ərazilərdə baş verən yanğınların söndürülməsinin mürəkkəb və çətin olduğunu bildirir: “Belə ki, bir çox hallarda  yolların olmaması, relyefin keçilməz olması səbəbindən yanğın söndürmə texnikasının hadisə yerinə yaxınlaşması mümkünsüz olur. Bu zaman canlı qüvvə cəlb edilərək əsasən əl əməyindən yəni fərdi yanğın söndürmə vasitələrindən istifadə etməklə yanğının söndürülməsi əməliyyatları həyata keçirilir”.

 

Şöbə müdiri bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Avia dəstəsinin bu növ yanğınların söndürülməsində əməyi böyükdür.

 

Elnur Babayev insanların odla ehtiyatlı davranması ilə bağlı da xəbərdarlıq edir: “Qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan meşə ərazilərində olarkən açıq oddan istifadəyə mümkün qədər yol verməməyi, ocaq qaladıqda tam söndüyünə əmin olduqdan sonra ərazini tərk etməyi, kibriti yandırdıqda, və ya siqareti çəkdikdə söndürmədən yerə atmamaqları tələb olunur”.

 

Ümumilikdə mütəxəssislərin fikrincə, meşələr yanğından sonra təbii və süni şəkildə bərpa olur. Süni bərpa isə öz növbəsində təbii bərpaya köməklik edir.  Bu zaman yanmış ərazilərdə müəyyən şumlanma işləri aparmaqla toxumlar səpilir və təbii bərpa biraz daha  sürətlənir. Buna isə uzun illər vaxt sərf olunur.

 

Nuranə Namazova

Əli Ələkbərov

APATV

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR