Minatəmizləmə əməliyyatlarına qadınlar cəlb olunacaq?

# 16:06
31 yanvar 2022

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, postmünaqişə dövründə hədəflər dəyişib.

 

Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov qeyd edib ki, bəzi qadın sahibkarlar artıq işğaldan azad edilmiş ərazilərdə biznes qurmaqla bağlı layihələr təqdim ediblər: “Zəngilan rayonunun Ağalı kəndində ağıllı kənd layihəsinin həyata keçirilməsi başa çatmaqdadır və ikinci ağıllı kənd layihəsi Füzulinin Dövlətyarlı kəndi olacaq. Hədəf işğaldan azad edilmiş ərazilərdə ağıllı layihələrin həyata keçirilməsinə qadınların cəlb edilməsidir”.

 

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, qadınları qurban kimi yox, bu prosesdə bir iştirakçı kimi görmək istəyirlər: “İki il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının prezidenti koronavirus pandemiyasını elan etdi. Bu pandemiyaya və münaqişəyə baxmayaraq, Azərbaycan quruculuq işləri aparır. Münaqişədən sonra mina partlayışı, sərhəddə atışmalar nəticəsindən insanlar yenə həyatını itirir. Qadınların prioritetlərinin, sülhlə bağlı düşüncələrinin, postmünaqişə dövründə fəaliyyətlərinin nədən ibarət olduğunu anlamalıyıq. Qadınlar ictimai işlərdə fəal iştirak etdikdə, bir sıra maneələrin aradan qaldırılmasına daha asan nail olmaq mümkündür”.

 

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi gender məsələsinin BMT-Azərbaycan əməkdaşlığında mühüm yer tutduğunu vurğulayıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hazırda azad olunmuş ərazilərdə xüsusi idarəetmə institutu yaradıldığını nəzərə çatdırıb: “Bu, həm də mina təhlükəsinin aradan qaldırılması ilə bağlıdır. Mina təhlükəsi insanların bu ərazilərə qayıtmasını ləngidir. Prosesin uzanması isə regionda sülh və təhlükəsizliyə də zərbə vurur. Sülh müqaviləsinin bağlanması və sərhəd problemlərinin yoluna qoyulmasını beynəlxalq təşkilatlar dəstəkləyir. Ancaq Ermənistandakı revanşist meyllər qarşıya dəqiq vəzifələri qoymağı çətinləşdirir”.

 

Bəzi Qərb media orqanlarında guya məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıtmaq istəmədiyi ilə bağlı yazılara rast gəldiyini vurğulayan F.Şəfiyev nəzərə çatdırıb ki, bununla bağlı ADA Universiteti tərəfindən sorğu keçirilib. Sorğunun nəticələrinə görə, məcburi köçkünlərin mütləq əksəriyyəti geri qayıtmaq istəyir və azad edilmiş ərazilərə qayıtmaq istəyənlər arasında qadınların çoxluq təşkil edir.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da qadın biznesmenlərin azad edilmiş ərazilərlə bağlı layihələr təqdim etdiyini söyləyib.

 

“Hədəf işğaldan azad edilmiş ərazilərdə ağıllı layihələrin həyata keçirilməsinə qadınların cəlb edilməsidir”- deyən Hicran Hüseynova Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib: “Erməni əsilli Azərbaycan vətəndaşlarının yeni reallığı anlaması və Azərbaycan dövlətinin qanunlarını qəbul edərək yaşaması sahəsində görüşlərə ehtiyac var. Hazırda postmüharibə dövründə biz icmalar arasında müxtəlif görüşlər keçirə bilərik”.

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp isə bildirib ki, Xarici işlər naziri Ceyhun Bayramov bir müddət öncə Vyanada Azərbaycan hökuməti üçün sülh və təhlükəsizlik işlərində qadınların rolunun prioritet olacağını bəyan edib: “Hökumətin arzusu odur ki, azad olunmuş əraziləri bərpa etsin, 100 minlərlə insan yurd-yuvalarına qayıtsın. Qadınların azad edilmiş ərazilərdə bizneslərini qurması üçün onlara dəstək verilməlidir. Biz bu modeli uğurlu həyata keçirsək, Azərbaycanın bu təcrübəsi nümunə kimi istifadə oluna bilər”.

 

Səfir azad edilmiş ərazilərdə minatəmizləmə ilə bağlı işçi planları olduğunu xatırladıb. Onun sözlərinə görə, həmin işçi planında 700 fəaliyyətin heç birində qadınların iştirakı nəzərdə tutulmayıb. Səfir söyləyib ki, gender məsələsini nəzərə alan büdcələr müəyyənləşməlidir. Məsələn, həmin ərazilərdə səyyar tibbi xidmətlərin göstərilməsinə qadınlar cəlb edilə bilər”.

 

Tədbir çıxışlarla davam edib.

 

Sevinc

Fariz Quluyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR