O, dulusçuluq sənətinin “sonuncu mogikan”ıdır

# 10:27
20 dekabr 2021

Quba rayonun Yenikənd kəndində yaşayan Nəcəf Qədirov şimal bölgəsində dulusçuluqla məşğul olan yeganə sənətkardır.

 

Otuz ildən çoxdur ki, dulusçuluqla məşğul olan sənətkar bu işi hərbi xidmətdən qayıtdıqdan sonra həmkəndlilərindən öyrənib. Ötən əsrin səksəninci illərində Yenikənddə dulusçuluqla məşğul olan 6-7 tanınmış sənətkar olub. İndi isə qədim sənətkarlıq ənənəsini yalnız 56 yaşlı Nəcəf Qədirov yaşadır: “Bu sənəti öyrəndiyim 20-30 il var. Vaxtilə kəndimizdə işləyənlər çox olub. 80-ci illərdə çox idi. İndi onlar rəhmətə gedib, Allah rəhmət eləsin. Mən bu sənəti kəndimizdə yaşayan Yusif və Səfər adlı dulusçulardan öyrənmişəm. Bu sənət ağır sənətdir, amma ağır da olsa maraqlıdır”.

 

Onun sözlərinə görə, bu işi üçün xammal kimi gilli torpaqdan istifadə edir. Həmin torpağ yük maşınları ilə gətirilib həyətdəki xəndəyə boşaldılır. Üstünə də müəyyən qədər su tökülür. Bir həftədən sonra həmin gilli torpaq hissə-hissə işlənilir.  Gilli torpaq ilkin mərhələdə əzilir, yumşaq hala salınır və yoğurularaq kündəyə çevrilir. Daha sonra ayaqla hərəkətə gətirilən çarxın üzərində gildən qablar hazırlanır. Nəcəf Qədirov deyir ki, son illər dulusçuluq məmulatlarına tələbat xeyli artsa da bu işlə məşğul olan sənətkarların sayı azalıb: “Nəinki bu kənddə, bu rayonda məndən başqa işləyən yoxdur. Mən də istəyərdim ki, məndən sonra işləyənlər olsun. Bu sənəti öyrənsinlər. Qədimi sənətdir, yaşasa yaxşı olardı. Gənclər maraq göstərsə yaxşı olardı. Bu sənəti öyrənmək üçün ancaq həvəs lazımdır”.

 

Sənətkar deyir ki, dulusçuluq məmulatları təbii olduğundan içərisində saxlanılan məhsullara heç bir mənfi təsir göstərmir. Adi suyu saxsı bardaqda saxlasan sərin və təmiz qalır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR