Ağdamda nələr tapdım? - Mistik ağac, irizi olmayan qapı, gülən telefon

# 10:56
31 mart 2022

Evizə gedəcəm... Bu dəfə mütləq yanından keçəcəm. Orda qalan uşaqlıq illərimin saçını uzaqdan da olsa, oxşayacam. Niyə uzaqdan? Axı həyətə girmək mina təhlükəsi ilə üz-üzə olmaq deməkdir. Bunları fikirləşib, sakitləşdirərəm özümü... Həyətə girə bilməsən də küçənizdən keçəcəksən deyə, təsəlli edirəm. Ürəyimdə danışıram atalı günlərimin şəhəri ilə... doğma evimlə... Çatırıq Ağdama, postda yoxlama işləri başa çatır və bizə müşayət üçün polis nəfəri təhkim edilir.

 

-Müəllim, siz şəhəri tanıyırsınızmı?- deyə, bizi müşayət edən şəxsə sual verirəm.

- Ağdamlıyam, tanıyıram - deyir.

Yaşı 50-ni keçmiş polis nəfəri əlavə edir ki, Ağdamın kəndindəndi, şəhəri işğaldan sonra görüb, yalnız icazə verilən yerləri bilir.

 

Kədərlənirəm, özü də çox... Tanımır, necə tapacam viran olmuş məhəllələrin içərisindən bizim küçəmizi? - deyə, düşünürəm.

 

Yollardan nişanə tapmaq üçün yaddaşımla dalaşıram.

 

Ürəyim köksümə sığmır. Elə bil birinci dəfədir gəlirəm mənim viran şəhərimə... Baxmayaraq ki, işğaldan azad edilmiş Ağdama bu mənim dördüncü səfərimdir. Bu günə qədərki səfərlərdə dövlət qurumları ilə gəldiyimizdən bəlli proqramdan çıxıb, evimizi axtara bilməmişdim.

 

Bu dəfə isə APA TV-nin çəklişi qrupu ilə ilin ilk su çərşənbəsi günü Ağdamdan Xocalıya boylanmaq üçün yol almışdıq. “Su çərşənbəsi müqəddəs gündür. Yuvama qovuşacam” deyə çox ümidlənmişdim.

 

Buna qədərki gedişimi də, elə indiki səfərimi də anamdan gizlətmişdim. Dilim gəlməmişdi ona Ağdamın paramparça olduğunu anlatmağa... Deyə bilməzdim ki, minbir həvəslə tikib bəzədyiniz evin cığırı belə qalmayıb...

 

Əslində hamı kimi o da bilir ki, ermənilər Ağdama işgəncə verib. Söhbətlərimizin birində anam mənə, Sevinc, sən bilmirsən ey, bizim evin bünövrəsi put daşdan tökülmüşdü, ermənilər onu sökə bilməz. Vallah, put daşı görsən, tanıyacaqsan demişdi... Yaxşı, mama, bu dəfə məhz evlərin bönövrəsini axtaracam deyib, gülüb könlünü almışdım...

 

Qarqar çayına yol alırıq. O, çaya gedən yolu çətinliklə xatırlayıram. Çaya çatırıq, üzərindəki körpüdə dayanıb ətrafa, dağların arxasındakı Xocalıya boylanırıq. Axı 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri məhz bu çayı xilas yolu seçib, Ağdama yol almışdılar. 30 il əvvəl şaxtalı fevral gecəsindən sonra eyni yerdən Xocalıya baxırıq. İndi hava günəşlidi, çayın ətrafında az da olsa, yaşıllıq var.

 

Xocalı dağların arxasından baxır, duyur yazın nəfəsini, əlimiz çatmasa da ürəyimizin istisini duyur, onun arxasınca gəldiyimizi hiss edir, buna əminəm.

 

Çünki Qarqardan Xocalıya olan məsafə nəfəs qədərdir. Bu nəfəsin istisini duymaq mümkündür. Qarqar o faciəli gecənin şahididir... Qarqar çayı xilas yolu, Ağdam isə sığanacağı məkan olub həmin gecə ahı göylərə ucalan Xocalının.

 

Maşını köhnə abidə dediyimiz yerin qarşısında saxlayırıq. Dostlarım göz yaşımı görməsin deyə, onlardan ayrılıb, evimizin izini axtarmaq üçün küçəmizə doğru yol alıram. Polis nəfəri isə mənimlə gəlir, bildiyi yerləri mənə göstərir.

 

Küçəmizin baş tərəfində Ağdam musiqi təmayüllü internat məktəbinin işgəncəyə məruz qalmış divarlarını görürəm. Mən o məktəbdə musiqi təhsili almışdım axı.. Mən piano, qardaşım qarmon dərsləri alırdı...

 

O məktəbdə Qarabağın musiqi ustadları yetişmişdi axı.

 

İndi təkcə divarı qalıb... Evimizin yaxınlığında olduğundan düşündüm ki, az qaldı... Küçə aşağı gedirəm, məktəblə üz-üzə sinif yoldaşlarımın yaşadığı bir-iki evin divarlarını görürəm. Polisə “az qaldı... qarşıda bizim ev olacaq” deyirəm. Ayaq saxlayıb baxıram, tapmaq üçün...

 

Amma yoxdu... Ürəyimdə ümidlərin çilik-çilik olmasının səsini eşdirəm sanki. Yox, bura ola bilməz, deyirəm. Axı bizim ev iki mərtəbəli idi. İndi heç nə yoxdu, heç nə... İtmiş uşaqlıq illərimizdən qalan yalnız küçədir. Yaralı sərçə kimi çırpınıram, iz tapmaq üçün...

 

Həyət darvazamızın yanında kəndəlaş ağacının olduğunu xatırlayıram. O, ağacın min bir dərdin dərmanı olduğunu deyərdilər biz uşaq olanda. Baxıram ki, odur… Qupquru… Başını aşağı dikib… Ata yurdumun, doğulduğum həyətin tək nişanəsi.

Kölgəsi belə qalmayan kəndəlaş ağacı…

 

Yaxınlaşmağa da icazə vermirlər. Quruyan budaqları ilə az qala nəfəs-nəfəsə dayansam da, əl vura bilmirəm. Keçmiş “28 Aprel” küçəsi, ev nömrəsi 118...  1991-ci ilin Qarakənd faciəsindən sonra Tofiq İsmayılovun adını daşıyan küçəmiz, irizi olmayan qapımız... nömrəsi 5-55-70…olan telefonumuz…

 

İndi bu nömrəyə zəng çatır… Məhəlləmizin işıqları yanır… Küçəmizdən maşınlar şütüyür… Pəncərəmizdə işığın görünəcəyi gün isə yaxındadır…

 

Səninlə sağollaşıram mənim uşaqlıq illərim! Tapa bilmədiyim üçün kədərlə, yenidən görüşdüyümüz üçin ümidlə...

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR