Qeybdəki terminallar: 30 qəpik yükləmək üçün 30 yerə gedirsən

# 17:31
20 avqust 2021

Bir neçə ildir Bakı şəhəri və ətraf qəsəbələr üzrə hərəkətdə olan avtobusların mütləq əksəriyyəti kart sisteminə keçirildi. Lakin elə, bu hadisədən sonra da şəhər sakinlərinin terminal problemi medianın gündəmini bürüməyə başladı. Dəfələrlə bu barədə materiallar hazırlansa da, görünən odur ki, şəhərin bir sıra qəsəbə, küçə və prospektlərində hələ də dayanacaqların çoxu terminalsız qalıb.

 

- Əvvəlcə bütün bu avtobusları kart sisteminə keçirdilər.  Ancaq indi o kartın balansını artırmaq üçün heç nə tapılmır. Yəni, bu adamlar kart balanslarını harada artırmalıdır? Aidiyyatı qurumlar məsələ ilə bağlı nə düşünür? Bizə də maraqlıdır.

 

 - Kartlarda problem yoxdur, amma terminal problemdir. Mən misal üçün, “Neapol” tərəfdə qalıram. Orada ümumiyyətlə, yoxdur. Avtobusları kartlaşdırırlar, ancaq doldurmağa terminal yoxdur. “62”ni də kartlaşdırıblar. Hamısını.  Dayanacaq var. Amma terminal yoxdu. Bəs mən bu kartı necə doldurum?

 

 - Gördüyünüz kimi, burda bir dənə marketdədir aparat, bir də Neftçilərdədir. Orada da bəzən işləmir də. Gərək gedək marketə, vuraq. Ona qədər də avtobus gedir. Yəni, bunların sayını artırsalar, yaxşı olar. Qocalar var. Bir az əlilliyi olan insanlar olur. Ora gedib gəlməyə çətinlik olur. Ona görə hər dayanacaqda biri olsa, yaxşıdı.

 

 - Bizim problemimiz aparatların olmamasıdır. İnsanlar çox əziyyət çəkir, içində mən də olmaq şərtilə. Heç deyilsə, yaxın-yaxın qoysunlar. Burada yoxdur deyə mən gedib metroda yükləyirəm. Onsuz da indi əksər marşrutların hamısı kartladır. Kartladırsa, zəhmət çəkib, bunları quraşdırsınlar”.

 

 - Qardaş, deməli, bu avtobusları keçirtdilər karta. Amma ki, gedirsən, nə NZS qəsəbəsi, nə UPD qəsəbəsidi, yoxdu. Bircə “OBA” marketdi, o da doqquzda bağlanır. Girinc qalırıq. Bilmirik, nə ilə gedək. Taksi bahadır. Çox əziyyət çəkirik. Bax, mən indi burda gözləyirəm ki, biri gəlsin, 30 qəpik verim ki, keçirtsin”.

 

 - Biz indi əziyyət çəkirik də. Bax, buradan biz basa-basa durub getməliyik Neftçilərə. Burada olsa, daha yaxşı olardı ki. Yükləyərdik, gedərdik ünvanımıza. Yəni ki, olması daha məsləhətlidir”.

 

 - Bəli, problem yaşayırıq. Bəzən olur ki, metroya qədər gedirik. Bununla bağlı tədbir görülsə, yaxşı olar”.

 

Çoxillik problemin nə vaxt birdəfəlik həllini tapacağını öyrənmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayevlə əlaqə saxladıq. O bildirdi ki, bütün dayanacaqlarda terminalın quruaşdırlmasına ehtiyac yoxdur. Sərnişinlər terminal tapmadıqda yaxınlıqdakı marketlərdə quruaşdırılan ödəmə aparatlarından istifadə edə bilərlər.

 

Ancaq ekspertlərin fikrincə, bu problemin həlli üçün yetərli deyil. Çünki sərnişinlərin heç də hamısı dayanacaq olan əraziyə bələd olmur. Beləcə, yaxınlıqda marketin olub-olmadığını da bilmirlər.

 

Nəqliyyat üzrə ekspert Zaur Ağamirzəyevin sözlərinə görə, problemi həll etmək üçün başqa alternativlər də mövcuddur: “Bakıkart” və “MilliÖn” ödəmə terminallarının olmaması bəzi problemlər yaradır. Fiziki cəhətdən hər dayanacağa terminal qoyulmasa da, bunun həlli üçün başqa çıxış yolları var. Bu ilin fevral ayında Şamaxı və Sumqayıt şəhərlərində bank kartları ilə avtobuslarda ödəniş sisteminə keçirilib”.

 

Ekspertin fikrincə, məsələnin digər həll yolu “Bakıkart”lara onlayn hesab artırma funksiyasını gətirilməsidir. Yəni, fiziki cəhətdən hər dayanacağa terminalın qoyulması ümumən problemin yeganə həlli deyil və çeşidli ödəniş üsulları ilə vətəndaş narazılığını aradan qaldırmaq olar. İndi ümid qalıb dünya praktikasında da özünü doğrultmuş bu ideyaların icrasına. Amma nə vaxt? Bax, bunu zaman göstərəcək... 

 

Mir Çingiz Ağazadə

Samir Qaragözov

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR