SOS: Kürdə çaylıq qalmadı: Ekoloji fəlakətin astanasındayıq?

# 15:09
9 mart 2022

“Hazırda biz Salyan rayonu ərazisində ölkənin əsas içməli və suvarma su mənbəyi olan Kür çayının qurumasını müşahidə edirik. Bəs görəsən çayın qurumasının səbəbləri nədir və yaranmış vəziyyətdən necə qurtulmaq olar?”  

Alimlərin və ekoloqların Kür çayının quruması  haqqında verdiyi proqnozlar özünü doğrultmaqdadır. Aran rayonları boyunca Kürün səviyyəsinin kəskin azalması müşahidə olunur. Yevlax, Salyan və Neftçala rayonlarında isə Kür çayı demək olar ki, quruyub. Azacıq axarları piyada belə keçmək olar. Fermerlər deyir ki, yazın əvvəlində Kürü belə görüb isti yay aylarını təsəvvür eləməyə qorxurlar.

 - Kürün bu acınacaqlı vəziyyətini 50 ildə birinci dəfədir görürəm. Sahələrimiz də susuzdur. Bu dəqiqə taxılın, yoncanın, həyətyanı sahələrin suvarılmasının vaxtıdır, amma su yoxdur.  Səbəbin də bilmirik niyə quruyur. Bu martın 8-dir bundan sonra əkin əməlli başlı başlayacaq. Bu dəqiqə taxılın buğdanın birinci suvarmasının vaxtıdır. Aran yeridi də bura.

- Son 2 ildə çox acınacaqlı vəziyyətdir. Bu dəqiqə yonca, taxıl suvarılmalıdır. 10 günə suvarılmasa əlimizi üzəcəyik bu bitkilərdən. Fermer kimi 10 hektar yer icarəyə götürmüşəm. Qohumlarımın yerini götürmüşəm. Yəni bu illəri mən çox pis vəziyyətdə qalmışam. Kürün quruması Allahın işidir, amma xahiş edirəm aidiyyəti qurumlar əncam çəksinlər. Kəndlinin yaşayışı bundandır.

- 100 hektar zavodla müqaviləmiz var. Pambıq əkəcəyik. Martın 25-də arat suyuna başlamalıyıq. 10 hektar arpa, 15 hektar yoncamız var. Su verə bilmirik. Çox çətinlik çəkirik. Çoxlu vəsait qoymuşuq, almışıq, icarəyə yerləri götürmüşük. Çətinlik dəhşət dərəcədədir. Kür çayında çətinlikdi. Nasoslar suyu götürə bilmir. Su gəlmir, çox çətinlikdir.

Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlərlə əlaqədar işçi qrupunda fəaliyyət göstərən, aqrar elmlər doktoru, su üzrə ekspert Mehman Rzayev Kürdə suyun səviyyəsinin azalması ilə bağlı APA TV ilə fikirlərini bölüşdü. O qeyd etdi ki, kürün suyunun azalmasının bir neçə səbəbi var: “Kür çayında son illərdə davamlı olaraq su ehtiyatlarının azalmasının əsas səbəbi regionda baş verən iqlim dəyişmələri ilə əlaqədardır. Belə ki, çayın su ehtiyatlarını formalaşdıran onun su toplama hövzəsində qış mövsümü ərzində kifayət qədər qar örtüyünün toplanmaması, nəticə etibarı ilə onun ehtiyatlarının azalmasına gətirib çıxarmışdır. Kür çayı Türkiyə və Gürcüstan respublikalarının ərazisindən keçərək Azərbaycana daxil olur. Və həmin ölkələrdə son illərdə təsərrüfat fəaliyyətinin gücləndirilməsi o cümlədən kənd təsərrüfatı, energetika və suvarma məqsədi ilə suyun götürülməsinin artırılması ölkəmizə daxil olan su ehtiyatlarına da təsir göstərmişdir.”

Ekoloq suvarmadakı çətinliklərin yalnız kürdəki azalma ilə bağlı olmadığını bildirir. Onun sözlərinə görə, suvarma kanallarında baş verən su itkiləri Kür çayının aşağı axarında yerləşən rayonların su tələbatında çətinliklər yaradır: “Suvarma kanalları əsas torpaq məcralı sistemlərdən ibarətdir. Suvarmalar zamanı ənənəvi suvarma metodlarından istifadə olunur ki, bu da böyük su itkiləri ilə müşayiət olunur. Statistik rəqəmlərə əsasən təkcə nəqletmə zamanı götürülən suyun 30 faizi səmərəsiz olaraq itir.”

Ekoloq Kür çayında suyun azalmasının qarşısını qismən də olsa almaq üçün və suvarmada yaranan problemləri aradan qaldırmaq üçün bir sıra tədbirlərin görülməsini vacib sayır:  “Bu istiqamətdə aşağıdakı tədbirlər görülə bilər. Mingəçevir su anbarından başlayaraq Xəzər dənizinə qədər sudan istifadə edən bütün təsərrüfat obyektlərinin istifadə etdiyi suyun uçotunun dəqiq aparılması üçün sayğacların quraşdırılması və ümumən su istehlakının nəzarət altına alınması. Açıq suvarma kanallarının, torpaq məcrada yerləşən suvarma sistemlərinin  qapalı və yaxud da örtülü sistemlərlə əvəz edilməsi. Sahələrdə innovativ suvarma metodlarından istifadə olunması. Fermerlər tərəfindən daha az su tələb edən əkin strukturuna üstünlük verilməsi.”

Ekoloq Kürdə suyun azalmasının Xəzər dənizinin səviyyəsinin azalmasına təsiri ilə bağlı da danışdı. O bildirdi ki, dənizə axan çay sularının və yağıntıların azalması təbii ki, Xəzərdəki su səviyyəsinə təsir edir. Amma bu istiqamətdə araşdırmalar tamamlanmamış bir söz demək olmaz. Onun sözlərinə görə dənizin dibinin geotektonik səbəblərdən çökməsi və qabarması hadisələri baş verir və bu Xəzərin səviyyəsinə təsir edir.

Ekspert həmçinin onu da qeyd etdi ki, Kür çayı üzərində yerləşən və ölkənin ən iri su anbarı olan Mingəçevir su anbarına əvvəlki illə müqayisədə daxil olan suyun həcminin azalmasına baxmayaraq, anbarda yığılmış suyun həcminin təxminən 1 milyard kubmetr həcmində artırılmasına nail olunub. İntensiv suvarma zamanı anbardan suyun buraxılışına başlanılacaq.

Əlibəy Zeynallı, Elçin Həsənov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR