Tələbələr niyə və daha çox hansı sahələrdə çalışır?

# 20:36
28 oktyabr 2021

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi, həmçinin 26 elmi təşkilatda təhsil alanların sayı 198,7 min nəfərdir.

 

Onların böyük əksəriyyəti tələbə adını qazanaraq rayonlardan paytaxta təhsil almağa gəlir. Amma tələbəliyin ilk pilləsindən etibarən çalışmağa başlayırlar. Bəziləri kafe və restoran şəbəkələrində çalışdığı halda, digər qismi gecə növbəsi üzrə mühafizə xidmətinə üstünlük verir. Bu qənaətə şəxsən özümüz gəlməmişik. Şəhər sakinləri arasında keçirdiyimiz sorğu belə düşünməyə əsas verir.

 

Bəs tələbəlik dövründə çalışmaq doğrudanmı zəruridir? Tələbənin təhsili ilə yanaşı, işləməyə vaxt ayırması təhsilin keyfiyyətinə nə qədər təsir edir? Sosioloq Rəşad Əsgərovun fikrincə, məsələnin kökündə tələbələrə ayrılan təqaüdün onların maddi təminatını ödəməməsi dayanır. 

 

“Özəl, yaxud dövlət təhsil müəssisələrində ödənişli əsaslarla oxuması onların maliyyə məsələlərində problem yaradır. Bu boşluğu doldurmaq üçün də tələbələr işləməyə üstünlük verirlər. Avropa və Amerika ölkələri ilə müqayisə etsək, onlarda bu xidmət sektoru, yaxud da iş yerləri daha çox universitetlərin özlərinə aid xidmət müəssisələridir və s”.

 

Sosioloq deyir ki, Avropa ilə müqayisədə, Azərbaycanda istər universitet şəhərcikləri, istərsə də ali təhsil müəssisəsi nəzdində fəaliyyət göstərən obyektlərin imkanları məhduddur. Buna görə də tələbələr minimum əməkhaqqı qarşılığında işləməyə məcbur qalır. Bu isə tədrisin keyfiyyətinə təsirsiz ötüşmür.

“Yaxşı olar ki, universitetlər daxilində kampus şəbəkələri yaradılsın və tələbələr də bu kampuslarda yaşamağa üstünlük versin. Onların gündəlik qidalanması həmin yaşayış məntəqələrində təmin olunsun. Belə olan halda tələbələrin gündəlik xərcləri azalar və təhsilə daha çox zaman ayıra bilərlər”.

 

Qeyd edək ki, hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin yyalnız 48,9 faizi təqaüd alır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR