Yaddaş itir, bədən keyiyir, nitq tutulur - Gənclər təhlükədə

# 10:08
26 yanvar 2023

Son zamanlar xərçəngin, infarktın, ürək xəstəliklərinin gənclərin baş bəlasına çevrildiyinin şahidi oluruq. Bu xəstəliklər səbəbindən  neçə-neçə gəncin həyatı yarımçıq qalır. Cavanlaşan xəstəliklər sırasında dağınıq skleroz da var. Baş və onurğa beynin sinir liflərinin mielin örtüyünün zədələnməsi ilə müşayiət olunan bu xəstəlik əsasən 20-40 yaş arasında inkişaf edir. Xəstəlik sağlam həyat tərzi sürən bir insanda birdən-birə gözlərin zəifləməsi, bədənin uyuşması, bəzən də nitqin pozulması simptomları ilə ortaya çıxır:

“Anidən sağlam bir insanın bir anda şikayətləri ortaya çıxır. Əlləri uyuşmağa, görmə problemləri yaranmağa  başlayır, müvazinəti pozulur. 20 yaşında sağlam bir insanın belə bir şikayətləri varsa demək ki, xəstəliyin ən kəskin dövrü başlayıb. Nitqi poza bilər, gücsüzlük verə bilər, yəni bütün insani fəaliyyətlərə toxunan ağır xəstəlik sayılır. Müalicəsiz ,nəzarətsiz qalan çox qısa müddət ərzində yatağa bağlı qalır  ,beyin təxribatı daha çox olduqca yaddaş da pozulur. Yəni belə xəstələr heç kimi tanımamağa, öz özünü idarə etməməyə başlayır. Bu xəstəlik niyə 20-40 yaşlarında inkişaf edir və daha yaşlı adamlarda rast gəlinmir ?Bu sualları cavabı hələ tibbdə dəqiq bilinmir”.

Həkimin sözlərinə görə, irsi xəstəlik olan dağınıq skleroza ən çox gənc qadınlarda rast gəlinir. Azərbaycanda 5 minə yaxın insan bu xəstəlikdən əziyyət çəkir, müalicəsi isə ömür boyu davam etməlidir:

“Genetik olma ehtimalı yüksəkdir. Belə bir məntiq var ki, xəstəlik nə qədər gənc yaşda ortaya çıxırsa onun genetik olma ehtimalı o qədər çoxdur. Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlər  5 min civarındadır, 85% ni isə qadınlar təşkil edir. Kişilərdə isə nadir rast gəlinir və kişilər bunu daha ağır keçirirlər. Müalicəsinin bir neçə aspekti var: Kəskin dönəm, bərpaedici, qoruyucu. Doğrudur, müalicə etdiyimiz zaman xəstəlik mülayimləşir .Nə qədər düzgün müalicə edilsə  də,  ağırlaşmaların, atakların olması gözləniləndir”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dağınıq skleroz cavan yaşda əlilliyin əsas səbəblərindən biridir. Bu xəstəliyə tutulmuş şəxslər xəstəliyin başlanmasından 10-15 il sonra sərbəst hərəkət etmək imkanından məhrum olurlar. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, bu xəstəlikdən əziyyət çəkənlərə müddətsiz əlillik təyin olunur.

Bu xəstəlikdən əziyyət çəkən şəxslər dövlət tərəfindən dərmanla təmin olunurlar. Bəs dərmanlar həmin xəstələrə vaxtlı-vaxtında verilirmi?

TƏBİB-in İctimiyyətlə əlaqələr və marketinq departamanetinin rəhbəri Zamirə Ədilova bildirdi ki, dərmanların təmin olunması ilə bağlı problem müşahidə edilmir.

Həmsöhbət olduğumuz dağınıq skleroz xəstələri isə bildirdilər ki, dərman təminatında bəzən kəsilmələr olur. Məsələn, xəstələrə hər həftə verilməli olan dərman iki həftədən bir verilir. Bu da müalicə prosesində ciddi problemlər yaradır.

Xatırladaq ki, dünyada dağınıq sklerozdan əziyyət çəkən insanların sayı 2,3 milyon nəfərdən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR