Prezident İlham Əliyevin tapşırıqlarına əsasən 32 rayonda 52 aqropark yaradılıb.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov deyib.
O bildirib ki, aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib:
"Kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas dövlət dəstəyi mexanizmi kimi qəbul olunub. Tətbiq olunan yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, bütövlükdə isə dayanıqlı inkişafı təşviq edir. Göründüyü kimi keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, müasir dövrün tələblərinə cavab verən, yüksək məhsuldarlığa malik ixracyönümlü istehsala istiqamətlənmiş yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirib".